Şeirlər

Zahid Xəlil. Mən tülküyəm

Əgər bicliklərimdən
Neçə kitab yazam mən,
İnanın ki, qurtarmaz
Yaman kələkbazam mən.
Vaxt olub ac qalmışam,
Vaxt olub tox olmuşam.
Uşaqlar, sizi gördüm
Bir az fikrim dağıldı.
Yaxın gəlin, söyləyim,
Sinən dolu nağıldı.
Ağıllı tülküyəm mən,
Nağıllı tülküyəm mən.


Bir gün gördüm tüklü ayı,

Hamımızdan güclü ayı,

Pəncələri çirkli ayı.

Mağarada xor – xor yatır,

Xorultusu göyə çatır.

Titrəmədim qorxudan mən,

Bu qanmazı , bu axmağı,

Bir az gəzdim solu – sağı,

Bir balaca fikr elədim.

Çöp gətirib qurdaladım

Ayağını, qulağını

O əsdirib dodağını,

Durub çığırdı:
- Ehey, sən kimsən?

Bu mağaraya

Neyçün gəlmisən?

Yenə bağırdı:

- Bir az tez söylə,

Nə cürət ilə,

Cəsarət ilə,

Gəlmisən bura.

Dedim:

- Ey güclü,

Dərisi tüklü,
Özü fil.

 


Bunu yaxşı bil,

Düşmənin bu gün

Öldürmək üçün

Səni gəzirdi...

Eşidib bunu,

Qəzəbləndi o.

Hirsindən səsi

Tir - tir əsirdi:

- Tez göstər onu

Onun boynunu

Sındıram gərək.

Mən xeyli qəmli,

Gözləri nəmli,

Söylədim: - Gedək.

Düşdüm qabağa,

Nə sola baxdım,

Nədə ki, sağa.

 

 

Apardım onu
Xeyli uzağa.
Biz az getdik, üz getdik,
Dərə - təpə, düz getdik.
Xeyli gedib yetişdik
Bir ağ mərmər qayaya.
Kim baxsaydı oraya
Öz əksini görərdi.
Adamlar bu qayaya
“Güzgü qaya” deyərdi.
Axı baxdı qayaya,
Şəklini gördü orda.
Fikirləşdi: “Düşmənim
Yəqin ki, bu ayıdı.
” Daha anlamadı ki,
Qarşıdakı qayadı.
Öz əksinin üstünə
Hücuma keçdi ayı.
Başı dəydi qayaya,
Qaya güldü ayıya.
Axırda əldən düşdü,
Yoruldu dildən düşdü.
Mən də elə bu zaman
Qaçıb çıxdım aradan.

 


Bir gün yaman ac idim,

Yeməyə möhtac idim.

Baxdım ki, bir səs gəlir

Bir avara canavar,

Ağzı qara canavar.

Keyfi kök, damağı çağ,

Çiynində bir kök oğlaq,

Xışıldadıb otları
Qaçır meşəyə sarı.

 

 

Gördüm ağzım sulandı,

Fikirləşdim ki, gərək

Burda işlədim kələk.

Bir şey düşdü yadıma

Barmağımı dişlədim.

Mən tələsə - tələsə

Yüyürüm ona sarı.

Dodağım əsə - əsə

Dedim: - Ey meşəmizin

Böyüyü, hökmdarı,

Hər ağacın dibində

Durub pusquda itlər.

Əmr eyləyin hücuma

Keçsin bizim igidlər,

Canavar qorxusundan

Oğlağı atdı, getdi.

Sizin tülkü lələniz,

Bu tümbəki lələniz,

O gün doyunca yedi.

 

 
Bir qarğa məni

Aldadır yaman.

Bir gün fikr edib

Axşama kimi

Topladım çiçək.

Ondan düzəltdim

Gözəl bir çələng.

Getdim qarğanın

Yanına birbaş.

Məni görəndə

Qışqırdı qa - qa,

Ay tülkü qardaş

Nəyə gəlmisən?

Nədir o çələng?

Yoxsa bir kələk

Qurmusan yenə?

Susdum mən xeyli

Əvvəl söylədim:

- Axşamın xeyir,

Qarğa, bu gündən

Kələkbazlığı
Yerə qoydum mən.

Sən çox ağıllı,

Fərasətlisən.

Bir də ki, axı
Sən qanadlısan.

 

 

Amma mən yerdə

Gəzirəm elə.

Qanadım olsa

Başqa məsələ.

Ona görə də

Yığmışam çiçək,

Düzəltmişəm mən

Gözəl bir çələng.

 

 

Gətirmişəm ki,

Çətinə düşsə
Bir gün heyvanlar

Kömək edərsən,
Tədbirlisən sən
Mənim felimə
Yağlı dilimə
Aldandı qarğa.
Eylədi qa - qa
Endi aşağı.
Atılıb tutdum
Düz boğazından
Xeyli nə dindi,
Nə danışdı o.
Başa düşdü ki,
Aldanmışdı o.
Sonra astadan
Söylədi qa - qa,
Ay tülkü qağa,
Nə ağıllısan!
Söylə görüm bir
Məqsədin nədir?
İstədim deyəm
Acam səhərdən.
“A” dedim birdən
Açıldı ağzım
Pırr edib qarğa
Qondu budağa.
O, güldü xeyli
Bu gülüş məni
Yanırdı, yaxdı.
Qarğa yenə də

Hiyləgər çıxdı.

 

 

Daha kəsək nağılı,

Gecə keçib yarıdan.

Ay uşaqlar, uşaqlar,

Yatın şirin - şirin siz.

Çox rahatdır yeriniz.

Gözləyirlər məni də,

Meşədə öz yuvam var.

Görüşərik yenə də
Sağ olun, ay uşaqlar!