Nağıllar, hekayələr

Mətanət Ulu Şirvanlı. Külək

...Qapı döyülür.


Tık... tık... tık...


– Kimdir? – balaca Tomka soruşur.


Tık... tık... tık... 


– Kim var orda?


– Mən.


– Sən kimsən?


– Külək.


– Nə istəyirsən?


– Sizə qonaq gəlmək istəyirəm.


Tomka sevindi. Ura ..a..a ! Bizə qonaq gəldi, -deyərək, yüyürüb qapını açdı.


Amma kimsəni görmədi, pərt oldu və qapını örtüb otağına döndü.


Tık...tık...tık...yenidən qapı döyüldü.


– Kimdi?


– Mənəm, külək.


Tomka yenidən qapını açdı. Qapıda kimsə yox idi. Hirslə qapını çırpdı. Geri döndü. O anda qapı yenə döyüldü.


Tık... tık... tık...


Tomka cəld tərpəndi ki, qapını açıb, onu yaxalasın. Amma yenə heç kəs yox idi. Hirsindən çığırdı:


– Ey yaramaz külək, mənə niyə sataşırsan?


Bu zaman səs gəldi;


– Mən sənə sataşmıram. Mən sənin qarşında dayanmışam.


Tomka təəccüblə dedi:


– Axı səni görmürəm.


Külək:


– Amma mən səni görürəm. Sən çox qəşəng qızsan. Saçlarında ağ lentin də var. 


Külək onun lentindən tutub dartdı. Lent yavaş-yavaş açılmağa başladı. Onun saçları üz-gözünə töküldü. Sonra güllü donunun ətəklərini sağa-sola oynatdı.


Daha sonra isə üzünə üfürərək Tomkanı sərinlətdi. Bu, Tomkanın xoşuna gəldi.


Tomka:


– Hə, indi səni demək olar ki, görürəm. Yaxşı, de görüm niyə gəlmisən?


– Səninlə dost olmağa. İcazə ver hərdən gəlim sizə və səninlə bax beləcə  oynayım.


Külək Tomkanı sehrləmişdi sanki, odur ki, dedi:


– Nə vaxt istəsən gələ bilərsən, ey mənim təzə dostum.


Külək sevindi. Onun üzündən öpdü və dedi:


– İndi isə get yat, dostum, artıq gecdir.


Tomka:


– Sağ ol! – deyib, qapını örtmək istədi.


Amma külək qoymadı. Sən get yat. Qapını mən örtəcəyəm.


Tomka təzə dostundan ayrılıb, məmnun halda geri döndü. Külək verdiyi sözü yerinə yetirdi. Cırıltılı səslə qapını örtüb getdi.