Abbas Səhhət. Vətən
Qafqaz qitəsidir mənim vətənim,
Simurğun sayəsində məskənim.
O məmləkətdə mən vücudə gəldim,
Xalqıma qarşı sücudə gəldim.
O yerdə kim qara quşu, tərlanı
Adlanmışdır Qaf dağın sultanı.
O yerdə ki, vardır qalın ormanlar,
Dağlarında gəzir vəhşi ceyranlar.
O yerdə ki, göy üzü şəffafdır,
Çeşmələri qayət sərindir safdır.
Səfalıdır lətif abu havası
Ürək açar lacivərdi səması.
Buludlara dəyir uca dağları,
Cənnət guşəsidir gözəl bağları.
Çöllərində bitər əlvan çiçəklər
Fərəhlənir bütün tutqun ürəklər
Övladları qeyrətlidir, damarlı,
Şücaətli, hünərli, etibarlı.
Meyvəlidir ormanında ağaclar
Şaqqıldayır, qırqovullar, turaclar
Cəh-cəh vurur çəməndə bülbülləri
Meh əsdikcə ətir saçır gülləri
O yerdə ki, həmişə sərvü şümşad,
Səbzü xürrəm yaşar xəzandan azad.
Hər küncündə bir cür xəzinə yatmş,
Torpağını xaliq qızıl yaratmış.
Camedir hər cürə lətafətləri,
Tamam etmiş həq onda nemətləri.
Gözəl torpaq, gözəl ölkə, gözəl yer!
Dünya üzrə bimüslü, bibədəl yer!
Bu cür gözəl məmləkəti kim sevməz?
Bunca firavan neməti kim sevməz?
Mən vətəni canım kimi sevərəm,
Ruhum, ətim, qanun kimi sevərəm.