Şeirlər

Alməmməd İsgəndərli. Məkan zaman beşiyidir

Məkan zaman beşiyidir,
Bu beşikdə yatanlar var.
Məkan zaman beşiyidir,
Son mənzilə çatanlar var.

 


Beşik böyük, bəzən kiçik,
Beşik isti, bəzən soyuq.
Körpələrin biri yatmış,
Bəzən olur biri ayıq.

 


Gecə-gündüz fırlandıqca,
Bu beşikdən qopanacan
İkiəlli tutmalıyıq, -
Məkan zaman beşiyidir.

 


Bu beşikdə nələr olur?
Kimlər yatır zaman-zaman?
Biri gəlir, biri gedir,
Bu gərdişə tabe insan!

 


Biz zamana ad qoymuşuq
Tarixləri yaza-yaza,
Bəzən olub heç saymışıq
Yazılanı poza-poza.

 

Bax, beləcə bu məkanda
Zaman-zaman yaşamışıq,
Göyə daşlar ata-ata,
Özümüz də daş olmuşuq.

 


Məkan zaman beşiyidir,
Hər ikisi bizə gərək.
Elə ağac əkək ki, biz
Meyvəsini dərə bilək.