Nağıllar, hekayələr

Turacın əfsanəsi

Turac adlı bir qız zalım bir xanımın evində qulluqçu idi. Xanım onu çox döyür, çox incidirdi. Turaca qarın dolusu çörək,geyməyə paltar da vermirdi.Günlərin bir günü xanım onu çağırdı, dedi:– Ay qız, bu saat su isidib başımı, ayaqlarımı yuyarsan.


Turac gəlib su isitdi. Nə qədər aradısa darağı tapmadı, bilmirdi darağı hara qoyub. Xanımın səsi gəldi:


– Səni parça parça olasan, harada qaldın! Turac dedi:


– Xanım, bu saat gəlirəm.


Turac nə qədər aradısa darağı tapa bilmedi. Xanımın addım səsləri gələndə Turac ağladı və dedi:


– Nə olaydı, bir quş olaydım, xanımın zülmündən qurtulaydım.


Turac bir quş oldu, xanım əli ağaclı qapıdan içəri girəndə uçub bacadan çıxdı. Birdən yadına düşdü ki, daraq taxçadakı boxçadadır. Yenidən uçub pəncərənin qarşısına qonub dedi:


– Xanım, taxçada, boxçada.


İndi də turac həmişə bu sözləri oxuyur:


– Xanım, taxçada, boxçada.