Şeirlər

Şirinxanım Kərimbəyli. Ana dilim

Hər dili öyrənmək yaxşıdır, amma- 
Öz ana dilini bilməmək günah. 
İnsanlıq dünyanın baxşıdır, amma- 
Dil ilə açılır həyata sabah. 

 

Bu dillə öyrəndik ana sözünü,
Vətənin hər qarış yerin sevməyi. 
Bu dillə tanıdı millət özünü,
Başladı həyatı dərin sevməyi. 

 


Bayatı-laylamız bu dildən gəldi, 
Hopdu ruhumuza, canımıza o. 
Vətənə məhəbbət odu yüksəldi, 
Yeridi damara, qanımıza o. 

 

Keçdi anamızın layla səsindən,
Həkk oldu eşq ilə kamalımıza.
Ürəyi oxşayan xoş nəfəsindən, 
Yapdı dil sarayı amalımıza. 

 


Öz ana dilini bilməyən kimdi? 
Onun varlığı da Vətənə yaddı. 
Bu dil dərmanımız, bu dil həkimdi,
Bu dildə danışan yurda övladdı.