Şeirlər

Zəlimxan Yaqub . Layla, Xocalım, layla

Duz basdılar yarana,
Layla, Xocalım, layla.
Düşdün gülləborana,
Layla, Xocalım layla.

 

Namərdi kim çağırdı?
Göydən ölüm yağırdı.
Dilnən demək ağırdı,
Layla, Xocalım layla.

 

Daş üstə daşmı qaldı,
Salamat başmı qaldı,
Gözümdə yaşmı qaldı,
Layla, Xocalım layla.

 

Qaçdı Novruzun tamı,
Kimdi yandıran şamı?
Yas elədin bayramı,
Layla, Xocalım layla.

 

Dərdin kimi acı yox,
Ağrı var, əlacı yox.
Ağlamağa bacı yox,
Layla, Xocalım layla.

 

Hisdi, pasdı, qurumdu,
Tüstü burum-burumdu.
Hər tərəf uçurumdu
Layla, Xocalım layla.

 

Bu torpağın canısan,
Selə dönmüş qanısan.
Sən kimin qurbanısan?
Layla, Xocalım, layla.

 

Xocasan, xocan hanı?
Cavansan, qocan hanı?
Tüstülü bacan hanı?
Layla, Xocalım, layla.

 

Çıxmağa yol olmadı,
Qucmağa qol olmadı.
Üzməyə sal qalmadı,
Layla, Xocalım, layla.

 

Məndən küsdü soyadım,
Namərd olsun qoy adım.
Səni necə oyadım?
Layla, Xocalım, layla.

 

Kədər düşdü payına,
Səndən çətin yayına.
Hay vermədik hayına,
Layla, Xocalım, Layla.

 

Yara sarıyan hanı?
Haqdan yarıyan hanı?
Yurdu qoruyan hanı?
Layla, Xocalım, layla. 

 

Şuşanın ətəyi qan,
Balı qan, pətəyi qan.
Düşmənin kötəyi qan,
Layla, Xocalım, layla.

 

İtən çənim olaydı,
Bitən dənim olaydı.
Vətən mənim olaydı,
Layla, Xocalım, layla.

 

Yatan çətin ayıla,
Çətin adam sayıla.
Heyif Şah İsmayıla,
Layla, Xocalım, layla.

 

Dünya darmı görəsən?
Qulaq karmı görəsən?
Allah varmı görəsən?
Layla, Xocalım, layla.