Dastanlar

Alp Ər Tonqa dastanı

“Alp Ər Tonqa” sakların tarixi haqqında zəngin məlumat verən qəhrəmanlıq dastanıdır.


O dövrdə Turan ordusunun başçısının adında işlənən “Alp” (“alıp”) sözü “güclü”, “bahadır”, “igid”, “cəsur” mənalarına uyğun gəlir. Sak və hunların dövründə “alp” sözü məşhur bahadırların, görkəmli sərkərdələrin adlarının qarşısında işlədilir və onların əsilzadəliyini, nəcibliyini göstərirdi. Türk xaqanlığı zamanında “alp” sözü həm də hərbi titul hesab edilərək bahadırların adlarına əlavə olunurdu. Belə bahadırlardan Alp Teqin, Alp Arslan, Alp Bamış (Alpamış, Alpamıs), Kök Alp və başqalarını misal göstərmək olar. “Əfsanəvi lider, hökmdar, bahadır, şöhrətli komandan Alp Ər Tonqanı farslar Əfrasiyab adlandırmışlar”.


Anlamaq elə də çətin deyil ki, qəhrəmanın adındakı “ər” sözü “pəhləvan”, “igid”, “qoçaq” mənasını verir. Məlumdur ki, sak dövrünün bu ənənəsi əsrlərlə qorunub saxlanılmış, sonralar qazaxlar da, öz pəhləvanlarının adlarının qarşısında “ər” sözündən istifadə etmişlər. Buna sübut kimi, Ər Tarqın, Ər Kosay, Ər Köşkə, Ər Sayın və başqa pəhləvanların adlarını çəkmək olar. Çoxsaylı Turan-İran müharibələri zamanı Alp Ər Tonqa Turan ordusuna rəhbərlik edərək şanlı qələbələr qazanmışdır. Bu barədə Firdovsi də özünün “Şahnamə” epopeyasında ətraflı yazmışdır. Böyük şair əsərində Alp Ər Tonqanı Əfrasiyab adlandırır. Qədim türk dilində isə “Əfrasiyab” “böyük güc sahibi” mənasını verir. Tarixçi Haydar Dulatinin sözlərinə görə, bahadır (batır) Alp Ər Tonqanın, yəni Əfrasiyabın mənşəyi belə izah olunur: “Əfrasiyabın atası - Pişen (Beşen), Pişenin oğlu Dad Nişin oğludur, Dad NişinTurun oğlu, Tur isə Əfrudinin oğludur. Bu məlumata “Tarixi quzidə” kitabında da rast gəlinir. Öz növbəsində bu məlumat da Xoca Rəşidəddin Fəzlullahın “Məcmə tauarix”indən götürülmüşdür.


Zamanında Əbu Reyhan əl-Biruni, Mahmud Kaşğari, Həmzə İsfahani, Rəşid əd-Din və başqaları Alp Ər Tonqa haqqında öz fikirlərini bildiriblər. Onların hamısı göstərirlər ki, Alp Ər Tonqa Sak dövründə yaşayan tarixi şəxsiyyət olmuşdur.


Mənbələrdən məlum olur ki, istənilən halda Alp Ər Tonqa, Turan-İran müharibələrdə sak qoşunlarının öndəri, onların hökmdarı olmuşdur. Tarixi mənbələrə əsaslanaraq deyə bilərik ki, o öz zamanında Mavərənnəhr, Sauran, Şaş (Daşkənd), Sayram (İspidjab), Talas və Şu (Çu) vilayətlərini idarə etmişdir.


Alp Ər Tonqa müxtəlif ictimai-siyasi və sosial mühitin təsiri nəticəsində yaratdığı dövlətin paytaxtını bir neçə dəfə dəyişdirmişdir. Onun yaratdığı dövlətin paytaxt şəhərləri - müxtəlif qəbilələrin birləşdiyi ittifaq - Paykənd, Pamitan (qədim Buxara), Balasaqun, Kaşqar qala-şəhərləri olmuşdur.


“Suvar-i akalim” (“Dünya iqliminin təsviri”) kitabına əsaslanaraq deyə bilərik ki, Alp Ər Tonqa çoxlu gözəl şəhərlər tikmişdir. Onlardan biri Xanbalıq və ya Balasaqun Əfrasiyabın nəslinin nəzarətindədir . Ramitan, Əfrasiyab (əvvəlki adı Səmərqənd) şəhərlərinin əsası qədim Turanın hökmdarı Alp Ər Tonqa tərəfindən qoyulduğuna dair sübutlar var.


Burada isə biz “Alp Ər Tonqa” dastanının ümumi süjet xəttini Firdovsinin “Şahnamə” əsərində mövcud olan qədim tarixi salnamələrin bəzi hissələrini, Yusif Balasaqunlunun “Qutadğu bilig” (“Xoşbəxtliyə aparan elm”) kitabında Alp Ər Tonqaya aid beytləri, sonrakı dövr tədqiqatlar zamanı nümunə olaraq tərcümə olunan ayrıca misraları toplayıb istifadə edərək dastanın təfsirini verməyə çalışmışıq.


Orta əsrlərdə yazılan, Kaşğari Mahmudun “Divanü Lüğat-itTürk”, Yusif Balasaqunlunun “Qutadğu bilig” (“Xoşbəxtliyə aparan elm”, “Müqəddəs bilik”), Rəşid əd-Dinin “Məcmə tauarix” (“Tarix toplusu”), Əbu Reyhan əl-Biruninin “Suvar-i akalim” əsərlərinin “Alp Ər Tonqa” dastanının tamamilə unudulmaqda olan quruluşunun müəyyən səviyyədə aydınlaşdırılmasında bizə böyük xeyri dəymişdir.


Tədqiqatçıların bildirdiyinə görə, böyük Firdovsi zamanında “Alp Ər Tonqa” dastanının tam mətnini orijinaldan oxumuş və Şərqə xas (nəzirə) üsulla Əfrasiyabın yürüşlərinə öz qiymətini verməklə fars dilində öz variantını təqdim etmişdir. İstənilən halda Firdovsi sak “Alp Ər Tonqa” dastanından böyük ustalıqla istifadə etmişdir. Beləliklə, “Alp Ər Tonqa” dastanın qısa xülasəsindən aşağıdakı nəticəyə gələ bilərik: İran ordusu vaxtaşırı əsrlər boyu sakların yaşadığı Turana hücum edir və ona rahatlıq vermirdi.


Onlar Turan gözəllərini əsir alır, cəvahiratını özləri ilə aparır, əmlakını və mal-qarasını talan edirdilər. Bərəkətli taxıl zəmiləri, gül-çiçəkli bağlar fars ordusunun atlarının ayaqları altında məhv olurdu. O zaman Turan ölkəsində Ər Tonqa adında “Aslan kimi zəhmli, pələng kimi qorxusuz, qurd kimi məğrur” gənc batır yaşayırdı. Alp Ər Tonqa cəsur igidləri toplayaraq İrana qarşı çıxır. Turan və İran ordusu Dehistan ərazisində, iki yüksək dağ arasındakı düzənlikdə qarşılaşır. Şiddətli döyüşlər üç gün üç gecə davam edir. Hər iki tərəfdən həlak olan döyüşçülərin qanı yaşıl düzənliyi al qana boyayır. Təpələnmiş cəsədlər hər tərəfi tutur. Sonda Turan ordusu İran ordusunu sarsıdıcı məğlubiyyətə uğradır. O gündən Ər Tonqanı “alp” adlandırırlar. O öz xalqından Alp Ər Tonqa, adını alaraq Turan hökmdarı olur. Dehistandakı döyüşdə türklər İran hökmdarını əsir tutur və qandallayaraq özləri ilə aparır. Hökmdarı azad etmək üçün İran tərəfi yenidən hücuma keçir. Ancaq, türklər gecə balta ilə İran şahını öldürürlər. Çox illər keçdi. İran taxtına çox şahlar sahib olur. Alp Ər Tonqa, demək olar, onların hamısı ilə döyüşür və qalib gəlir. Nəhayət, fars hökmdarı Rüstəm Zalın oğlu yetkinlik yaşına çatır. Bütün məğlubiyyətlərin qisasını almaq üçün böyük İran ordusunun başçısı qismində Turana yola düşür. Onun qarşısına böyük ordu ilə Alp Ər Tonqa çıxır:
 
 
Qanlı döyüş başladı, polad qılınc və nizələr toqquşaraq od püskürdü. Göydən oxlar yağış kimi yağdı. Yaralıların dəhşətli iniltisi və fəryadı insanın bağrını çatladırdı. İnsan qanı çay kimi axırdı. Bəzən türklər, bəzən isə iranlılar uğur qazanırdı. Nəhayət, gücdən düşmüş tərəflər müvəqqəti olaraq döyüşü dayandırmağa məcbur oldular.


Gözəl günlərin birində Keykavus İran taxtına oturdu. O yeganə oğlu Siyavuşu və Rüstəm pəhləvanı sak ordusuna məğlub olmaqda günahlandıraraq “qorxaq dovşan” adlandırdı. Siyavuş xalq içində edilən təhqirə dözmədi və atasına böyük kin bəsləyərək Turana qaçdı. Orada sak başçılarından biri olan Piranin gözəl qızı ilə evləndi. Qız onun üçün oğul dünyaya gətirdi və adını Keyxosrov qoydular. Bir gün iranlılar Keyxosrovu oğurlayır və böyüyəndə onu farsların şahı elan edirlər. İllər ötür, Keyxosrov Rüstəm pəhləvanla birləşərək Turanı işğal etməyə cəhd edir. Alp Ər Tonqa bir neçə dəfə Rüstəm pəhləvanla təkbətək döyüşə çıxmış, ancaq hər dəfəsində döyüş bərabərliklə bitmişdi. Qədim sak və türk ədəbiyyatının xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, həlledici döyüş ərəfəsində pəhləvan həmişə yuxu görür. Oxşar epizod Alp Ər Tonqa (“Şahnamə”də Əfrasiyab) ilə də baş verir. Bunu Firdovsi əsərində gözəl poetik sətirlərlə verir. Yuxarıda göstərildiyi kimi, bunlar “Əfrasiyabın qorxulu yuxusu” hissəsində verilir:


İran qoşunları qara dumantək
Hər yanı bürüyüb Turana gedir.
Tarlalar çəmənlər qana boyanıb,
Düşmən nizəsinə keçib başımız.
Ölümlə havayı hədələmirdi -
Qılıncla ikiyə o böldü məni...


Düşmənin yaxınlaşması xəbərinin, baş qəhrəmanın yuxusu vasitəsilə alınmasına qazax epik poemalarında da rast gəlinir. Belə ki “Alpamış batır” (“Alpamıs batır”) dastanında Kalmık xanı Tayçik qazaxlara hücuma hazırlaşdığı ərəfədə, bir gecə qorxulu yuxu görərək oyanır. O, yuxuda görür ki, Alpamış batır kalmıklan qırır.


Şair ürək yanğısı ilə bildirir ki, Alp Ər Tonqa öləndə kədər xalqı ağuşuna aldı. Ağıçılar elə ürəkparçalayan ağılar dedilər ki, insanların bənizi saraldı, elə kədərli göz yaşlan tökdülər ki, hətta ən daş ürəkli insan belə buna dözə bilmədi.


“Alp Ər Tonqa” dastanında olduğu kimi, qazax qəhrəmanlıq dastanlarında da pəhləvanın (batırın) ölümü bütün xalqı kədər içində boğur. Qazax qəhrəmanlıq dastanlarında sak dövrünün dastanlarında olduğu kimi, ilk növbədə qəhrəmanın (batırın) öz ölkəsi üçün etdiyi yaxşı əməllər, düşmənlərlə döyüşdə göstərdiyi rəşadət, xarakterindəki yüksək əxlaqi xüsusiyyətlər tərənnüm edilir. “Koblandı-batır” dastanındakı Toktarbəy, Analıq və Qurtqa ağılarında (mədhiyyələrdə) qazax torpaqlarının düşmənlərdən qorunmasında Koblandı batırın qoçaqlığından bəhs edilir. Bununla belə, həlak olan qəhrəmana həsr olunan ağılarda ancaq insanlar deyil, qəhrəmanın həyatı və gördüyü böyük əməllərə şahidlik edən həmin bölgənin təbiəti də: çaylar və göllər, dağlar və meşələr ağlayır.