Şeirlər

Hökumə Billuri. Təbriz

Qollarım dolanar boynuna bir gün,

Yenə baş qoyaram dizinə, Təbriz.

Həsrətdən, hicrandan cana doymuşam,

Doyunca baxaram gözünə, Təbriz.

 

Bulanıq suların axsın, durulsun,

Təzə günlərindən büsat qurulsun.

Səhənd camalına bir də vurulsun,

Bir qubar qonmasın, üzünə Təbriz.

 

Həsrətin yandırar, pörşüdər məni,

Zərif çiçək kimi üşüdər məni,

Səsləsəm Savalan eşidər məni,

Qızınnam oduna, közünə Təbriz!

 

Gülüstan bağının seyrinə gəlim

Lalə yamacında bir də dincəlim,

Ötən günlərimə yetişməz əlim,

Düşüm heç olmazsa izinə, Təbriz.

 

 

Ana təbəssümün ay işığıdır,

Qolum qamətinin sarmaşığıdır.

Şeirin bu dünyanın yaraşığıdır,

İncisi tükənməz xəzinə, Təbriz.

 

Sən şair ömrünə vüqar vermisən,

Solub-saralmayan gülzar vermisən.

Etibar vermisən, ilqar vermisən,

Hər igid oğluna, qızına, Təbriz.

 

Səttarxan bayrağın göylərə ucalt

Qara buludları od ağzına at.

Şair qızının da sözlərini qat

Şirin söhbətinə, sözünə, Təbriz.