Şeirlər

Rəsul Rza. Yeddi çinar

Musiqi: Vasif  Adıgözəlov

 

Yeddi çinar, yeddi çinar -
yeddi meydan, yaşıl çadır.
Yarpaqları ləçək-ləçək,
budaqları göyə çatır!

 

 

Əsmə külək, əsmə külək!
Bir-birinə dəyib sınar
zümrüd kimi o yarpaqlar,
çılpaq qalar yeddi çinar!

 

Qalxıb pöhrə budaqları,
pıçıldaşır yarpaqları.
Doğma, əziz torpaqları
kölgəsiylə qucaqlayar
yeddi çadır, yeddi çinar!

 

Kim yetirib sizi belə!
Alnından tər silə-silə,
aydan-aya, ildən-ilə,
keçirsiniz qatar-qatar,
yeddi çadır, yeddi çinar!

 

Əsmə külək, əsmə külək!
Bir-birinə dəyib sınar
zümrüd kimi o yarpaqlar,
çılpaq qalar yeddi çinar!