Nağıllar, hekayələr

Vüqar Haqverdiyev. Sehrli planşet

Biri vardı, biri yoxdu, Aylin adında balaca bir qız vardı. Bu qızın ad günündə babası ona bir planşet hədiyyə etdi. Planşetin çəhrayı rəngdə korpusu, güzgü kimi ekranı vardı. Kənarlarını rəngbərəng oyun düyməciklərini bəzəyirdi. 


Aylin barmağı ilə qırmızı rəngli “Start” düyməsini basdı. Həmin an ekrana alqış sədaları altında bir neçə dəfə “Aylin, ad günün mübarək!” sözləri gəlib-getdi. Sonra müxtəlif uşaq oyunlarının kiçik şəkilli işarələri göründü: “Barbi”, “Pinqvinlər”, “Mario”, “Dovşan”... bütün oyunlar var idi!


Aylin sevinc içində öz-özünə “Super, əladır!”-dedi və barmağını Barbi şəklinə toxundurdu. Oyun açıldı. Aylin bir az oynadı, sonra onu bağlayıb “Mario”nu bitirib “Pinqvinlər”i açdı. Daha sonra dovşan oyununu işə saldı. Dovşan balalarını çətin maneələrdən keçirib bonuslar yığdı. Başı oyuna qarışdığından vaxtın necə gəlib keçdiyini hiss etmədi. Anasının xəbərdarlığından sonra gördü ki, gecə saat on ikidir. Anası ilə sağollaşıb otağına keçdi. Planşeti stolun üstünə qoydu. İşığı söndürüb çarpayısına uzananda birdən planşet öz-özünə açıldı. Otağın divarlarına sayrışan işıqlar düşdü. Zəif civilti səsləri eşidildi. Aylin təəccüblə yerindən qalxıb stola yaxınlaşdı. Ekranda iki məzəli dovşan balası həyəcanla o tərəf-bu tərəfə qaçırdı. Dovşanların biri ağ, digəri isə boz rəngdə idi. Sanki köməyə ehtiyacları vardı. 


-Axı mən planşeti söndürmüşdüm, öz-özünə necə işə düşdü?!- deyə Aylin barmağı ilə ağ dovşana toxundu. Dovşan yerindən sıçrayıb qabaq ayaqları ilə başını didişdirdi və narazı halda dedi:


-Neynirsən, bir az asta ol da, başımı yarmışdın ki!


Aylin düşündü ki, yəqin, bu bir zarafat proqramıdır. Barmağı ilə bu dəfə boz dovşana toxundu. 


-Ey, demədik, asta ol?!


Aylin əməlli-başlı qorxdu. Anasını çağırmaq istədi. Ancaq boz dovşan barmağını dodaqlarına aparıb ona “sus” işarəsi verdi və astadan dedi:


-Qız, qorxma, biz sənə heç nə etmərik, bizə kömək lazımdır!


Aylin başını ekrana yaxınlaşdırıb yavaşca soruşdu:


-Nə olub ki?


-Sən bura gələ bilərsən?


-Necə gəlim?! Mən planşetin içinə girə bilmərəm axı!


-Planşeti döşəmənin üstünə qoy. Sonra yerə oturub hər iki əlini ekrana tut, gözlərini yum və üç dəfə “Avanda” de!


Qızcığaz belə də etdi. Üçüncü dəfə “Avanda” deyəndə qəfildən planşet titrədi. Ekran genişləndi, aralandı, qızın əlləri, sonra başı, bədəni, ayaqları aparatın içinə girməyə başladı. Aylinin başı gicəlləndi, az qaldı, huşunu itirsin. Özünə gələndə gördü ki, planşetin içindədir.


Dovşan balaları səs-küylə onun ətəyini dartışdırırdılar. Planşetin içində olmaq çox maraqlı idi. Oradan az alaqaranlıq otağını görürdü. Özünü quş kimi yüngül hiss edirdi. Aylin əlləri ilə içəridən planşetin şüşə ekranına toxundu.


-Bura elə bil qəfəsdir.


Ağ dovşan dedi:


-Qız, sehrli aləmə xoş gəlmisən!


-Mən burdan necə çıxım? İndi anam gəlib görər ki, yoxam, narahat olar-deyə Aylin akvariuma salınmış su pərisi kimi əllərini planşetin şüşə ekranı üzərində gəzdirməyə başladı. 


-Qorxma, gəldiyin kimi çıxa da bilərsən. Əllərini yenidən ekrana tutub üç dəfə “Avanda” desən, geri qayıdacaqsan. Ancaq tələsmə, onsuzda burada olduğun müddətdə sizin vaxt dayanır. Nə vaxt planşetdən çıxsan, görəcəksən ki, heç bir dəqiqə də keçməyib. 


-Doğurdan?


-Bu sehrli planşetdir axı!


-Necə də maraqlıdır!


-Gəl tanış olaq, sənin adın nədir?


Aylin adını dedi.


-Mən Aniyəm, bu isə qardaşım Bonidir. Biz bacı-qardaşıq,-deyə ağ dovşan özünü və qardaşını təqdim etdi.


-Tanışlığımıza çox şadam! Deyin görüm, nə baş verib?


Boni dedi:


-Meşədə musiqi festivalı keçirilir. Qalibə qızıl mikrofon verəcəklər. Bu gün finaldır. Ani, mən və anamız Doni bir yerdə bu festivalda iştirak edirik, bütün mərhələləri keçib finala çıxmışıq. 


Aylin dedi:


-Təbrik edirəm!


Boni dedi:


-Çox sağ ol! Ancaq indi problem yaranıb. Anamız nəyə görəsə hələ gəlib çıxmayib. Heç vaxt bu qədər gecikməzdi. Biz festivala onsuz gedə bilmərik. Çünki bir yerdə çıxış etməliyik.


-Ananız hara gedib ki?


-Bilmirik. Səhər qapımıza bir məktub atdılar. Anam məktubu oxuyub dedi ki, finala çıxan qrupların başçılarını çağırırlar. Gedib, tez qayıdacağam. Ani dedi:


-Mən bilirəm, bu hiyləgər Matildanın işidir!


Aylin dedi:


-Matilda kimdir?


Boni dedi:


-Xini və Mali adlı tülkü balalarının anasıdır. 


-Matildanın balaları da festivalda iştirak edəcəklər. Ancaq o, qorxur ki, biz qalib gələk. Çünki onlardan yaxşı oxuyuruq. Ona görə də plan qurub bizim çıxışımıza mane olmaq istəyir. Matilda hər şeyə qadirdir. Ondan nə desən gözləmək olar. Görəsən anam indi haradadır? Bircə başına pis iş gəlməsin!-deyə Ani ağladı. Boni dedi:


-Ani, ağlama, Aylin burdadır, o bizə kömək edər. 


Aylin dedi:


-Ağlama Ani, mən sizə kömək edərəm.-Sonra əlavə etdi.-Bəlkə, əhvalımızı qaldırmaq üçün bir mahnı oxuyasınız?!


Ani dedi:


-Olar! Elə festivaldakı mahnını oxuyaq. Boni ilə anam bəstələyib.


Ani əlinə sarı bir kök alıb onu mikrofon kimi tutdu. Boni də qara kök götürüb onun yanına atıldı. –Bir, iki, üç! Başladıq!-Boni komanda verdi. Başladılar oxumağa.


Boni: - Günəş çıxıb parladı,
            Biz onu salamladıq.


Ani və Boni əllərini qaldırıb yellədilər.


-Salam, Günəş!


-Salam, Günəş!


Boni: -Günəş, bəlkə, deyəsən,


Ani: - Niyə belə gözəlsən?


Boni: -Yoxdur tay-bərabərin, 


Ani: -Bizə qonaq gələsən!


Boni: -İşıq saçıb gəzərsən,


Ani: -Aləmi sən bəzərsən.


Boni: -Biz səni çox sevirik,


Ani: - İstəyirik, biləsən!


Mahnı Aylinin o qədər xoşuna gəldi ki, o da bir kök götürüb oxumağa başladı:


-Günəş, bəlkə, deyəsən,


-Niyə belə gözəlsən?


Mahnı qurtaran kimi Aylin əl çalıb dedi:


-Əla alındı!


-Bu hələ başlanğıcdır, sonrası daha super olacaq!


-Gəlin sizi festivala mən aparım, ananız da harada olsa gələr.


Ani dedi:


-Axı ora insanları buraxmırlar.


-Ani, narahat olma, bizdə dovşan libası var. Aylin geyinər, onu tanımazlar,-deyə Boni gedib yumşaq tüklü, uzunqulaqlı ağ dovşan geyimini gətirdi. Geyimin arxasında quyruğu, qabağında zəncirbəndi var idi.


Aylin dovşan libasını geyindi.


-Mən dovşanam, mən dovşanam!-deyə Aylin tullana-tullana qabaq əllərini cütlədi. 


Ani dedi:

-Aylin, bu libas sənə necə də yanaşır! Lap anamıza oxşadın.


Aylin nazlana-nazlana dedi:


-Təşəkkür edirəm!


Ani dedi:


-Bəlkə festivalda anamızın yerinə sən çıxış edəsən?


Boni dedi:


-Əla ideyadır, heç kim başa düşməz.


Aylin dedi:


-Mən bacarmaram.


Dovşanlar xorla dedilər:


-Əlbəttə, bacararsan!


-Elə isə getdik festivala!


Çölə çıxdılar. Boni dedi:


-Tələsmək lazımdır, gecikə bilərik, festival bu dəqiqələrdə başlamalıdır.


Birdən Ani qışqırdı:


-Baxın, sağ tərəfdə ağaca festivalın elanını vurublar, baxaq görək nə yazılıb.


Elanda yazılmışdı:


Əziz heyvanlar!


Festivalın final mərhələsi texniki səbəblərə görə başqa yerdə keçiriləcək. Həmin yerə çatmaq üçün meşənin içi ilə sol tərəfə gedin.


Narahatçılığa görə üzr istəyirik. Xoş əyləncələr!


Boni dedi:


-Ani, yaxşı ki, elanı gördün, yoxsa səhv gedəcəkdik. Onlar ağacların arası ilə həmin istiqamətə götürüldülər. Bir az getmişdilər ki, üstündə “FESTİVAL” yazılmış, solu göstərən ox işarəsinə rast gəldilər. Sol istiqamətə qaçdılar. Sonra sağı göstərən başqa bir nişana rast gəldilər. Xeyli gedib yoruldular. Dayanıb nəfəslərini dərdilər. 


Ani dedi:


-Nə qədər sağa-sola getmək olar?!


Boni dedi:


-Festival artıq başlayıb!


Ani ağladı:


-Biz çata bilməyəcəyik. Deyəsən, bu nişanlar Matildanın hiyləsidir, o bizi azdırmaq istəyir.


Aylin dedi:


-Gəlin sonuncu nişanın göstərdiyi istiqamətə gedək, qarşımıza yenə nişan çıxsa, festivalın keçiriləcəyi əvvəlki yerə gedərik.


-Yaxşı,-deyə Boni ilə Ani qabağa düşdülər. –Bu, axırıncı cəhddir.


Elə bunu demişdilər ki, dovşanların ayaqlarının altında otlar, yarpaqlar sanki qaçdı, yer yarıldı, Ani və Boni dərin bir quyunun dibinə düşdülər. Aylin bir ağac budağından yapışıb özünü güclə saxladı. Ani ilə Boni quyunun dibinə dəyəcəkdilər ki, kimsə onları havada qamarlayıb sinəsinə sıxdı. Balalar özlərini isti, doğma qucaqda gördülər.


-Ana, ana!-ikisi də birdən qışqırdı. –Nə yaxşı, səni tapdıq!


Ana dovşan dedi:


-Boni. Ani, mənim gözəl balalarım! Sizin üçün çox darıxmışam! 


-Ana, sən bura necə düşmüsən?


-Hiyləgər Matildanın kələyinə aldanmışam. Yəqin, siz də o elanı görüb inanmısınız, -ana kədərli-kədərli balalarını bağrına basdı. –İndi burdan necə çıxacayıq?


Birdən Aylinin yuxarıdan səsi gəldi:


-Ey, salamatsınız?


Boni ilə Ani sevinclə qışqırdılar:


-Aylin, Aylin! Ana, Aylin yuxarıdadı, o bizə kömək edər! 


-Aylin kimdir?


-Çox qəşəng bir qızdır. Bizə kömək eləməyə gəlib. Özü də dovşan libası geyinib, lap sənə oxşayır. 


Aylin ağacdan uzun bir budaq qoparıb quyuya salladı, dovşanları bir-bir dartıb çıxartdı. Dovşanlar xilas olduqlarına görə Aylinə təşəkkür etdilər. Sonra ana dovşan qabağa düşüb yol göstərdi. Festivala o vaxt çatdılar ki, artıq qalibi elan etməyə hazırlaşırdılar. Ana tülkü öz balaları ilə lovğa-lovğa səhnədə dayanıb prizi gözləyirdi. Qızıl mikrofonu təntənə ilə ona təqdim etməyə gətirirdilər. Bu zaman dovşanlar və Aylin özlərini səhnəyə atdılar. 


Ana dovşan dedi:


-Dayanın, biz hələ çıxış etməmişik!


Matilda etiraz etdi:


Festival bitib, biz qalib olmuşuq!


Ancaq münsiflər razılaşmadılar: 


-İmkan verin, dovşanlar da çıxış etsinlər!


-Bir, iki, üç! Başladıq! –deyə ana dovşan komanda verdi.


Musiqi meşəyə səs saldı. Boni və Ani oxumağa başladılar. Bütün zal onlara qoşulub xorla oxuyurdu:

 


-Günəş, bəlkə, deyəsən,
 Niyə belə gözəlsən?

 


Mahnı bitən kimi alqış sədaları aləmi bürüdü. Zaldan qışqırıq səsləri gəldi: “Priz dovşanların olmalıdır”, “Onlar qalibdirlər!”


Qızıl mikrofonu ana dovşana verdilər. 


Tülkü və balaları suları süzülə-süzülə sürüşüb aradan çıxdılar.


Dovşanlar və Aylin evə qayıtdılar. Boni və Aninin anası kök, çuğundur və alma şirələrindən dadlı kokteyl hazırladı. Onlar qələbəni qeyd etdilər. 


Aylin dovşanlarla sağollaşdı. Əllərini planşetin ekranına tutub üç dəfə “Avanda” dedi. Ekran genişləndi, aralandı. Aylin planşetdən çıxdı. Baxdı ki, saat hələ də on ikini göstərir. Tez planşeti söndürüb yatağına uzandı. 


Görəsən, sehrli planşetdə onu daha hansı macəralar gözləyirdi?... Aylin bu haqda düşünə-düşünə şirin yuxuya getdi.