Nağıllar, hekayələr

Anna Kupırina. Məstan və dişlər pərisi

Pişik balası Məstan şirniyyatı çox sevirdi. Bir gün peçenye yeyəndə dişlərindən biri laxladı. O, həyəcanla anasını çağırdı:


- Anacan, mənim dişim düşür! Mən dişsiz necə yaşayacağam? Necə güləcəyəm? Yəqin, məni məktəbə də qəbul etməzlər. Axı dişsiz pişik kimə lazımdır?!


Anası onun başını sığalladı:

- Mənim qəşəng balam, narahat olma. Sənin süd dişin düşür, çünki onlar zəif olur. Süd dişlərinin əvəzinə daha möhkəm və köklü dişlər çıxacaq.

 

Məstan laxlayan dişini göstərib dedi:


- Ana, bəs bu nə vaxt düşəcək?


Yemək yeyəndə məni narahat edir. Məstan kədərli-kədərli stolun üstündəki peçenyelərə baxdı:


- Heç peçenyeni dişləyə də bilmirəm.


Anası gülümsədi:


- Məncə, o, Dişlər pərisini gözləyir.


Məstan təəccübləndi:


- Dişlər pərisi? O kimdir?


- Dişin düşəndə onu yastığının altına qoyub yatarsan. Gecə Dişlər pərisi onu aparmağa gələcək. O, süd dişlərini götürür, əvəzində isə hədiyyə qoyur.


Məstan balaca pəncələrini bir-birinə vurub sevindi:


- Ura! Dişlər pərisi mənə hədiyyə gətirəcək.

 

Məstan sakitləşib oynamağa getdi. Amma Dişlər pərisi heç yadından çıxmırdı. Tezliklə onu görmək istəyirdi.


Birazdan Məstan anasına yaxınlaşdı:


- Anacan, necə edim ki, laxlayan dişim tez düşsün?


Ana cavab verdi:


- Məstanım, laxlayan dişə əl vurmaq olmaz. Bunun üçün diş həkiminə getmək lazımdır. Ən doğru məsləhəti bizə həkim verəcək.


Məstan ürəklə cavab verdi:


- Anacan, gedək. Mən qorxmuram. Televizorda görmüşəm. Həkim dişə dərman sürtür, ona görə də ağrı hiss etmirsən.


Anası gülümsədi:


- Sən mənim ağıllı və cəsur balamsan.

 

Növbəti gün anası Məstanı diş həkiminə apardı. Həkim onun laxlayan dişini çıxardı. Məstan həkimə dedi:


- Olar mən dişimi özümlə aparım? Onu yastığımın altına qoyacağam.


Dişlər pərisi onu aparmağa gələcək.


Həkim gülümsədi:


- Əlbəttə, apara bilərsən. Dişlər pərisi mənim köhnə tanışımdır. Süd dişlərini toplayır. Dişlərinə qulluq edənləri də çox sevir.


Məstan soruşdu:


- Dişlərimə necə qulluq edə bilərəm?


Həkim dedi:


- Dişlərini səhər və axşam yaxşı-yaxşı fırçala. Çox şirniyyat yemə, çünki dişlərə ziyandır.

 

Artıq axşam idi. Məstan yatmazdan əvvəl dişini yastığın altına qoydu. Gözlərini yumdu və gözləməyə başladı. Tezliklə yuxuya getdi. Səhər gözlərini açan kimi Dişlər pərisini xatırladı. Əlini yavaş-yavaş yastığının altına uzatdı. Sevinclə qışqırdı:


- Ura! Dişlər pərisi mənə hədiyyə gətirib.


O, hədiyyə qutusunu açdı. Qutuda gözəl bir diş fırçası var idi.