Nağıllar, hekayələr

Elçin Əfəndiyev. Belə də iş olar?

Heç bilmirəm nə edim... Belə də iş olar?..

 

Mən Səliməm. Amma hamı mənə «Balaca Səlim» deyir. Niyə «balaca»?

 

Bilmirəm..

 

Axşam anamla atam teatra getməyə hazırlaşanda deyirəm:

 

– Ana, məni də teatra apar.

 

Anam deyir:

 

– Yox, Səlim, sən hələ balacasan, yuxun gələr, yatarsan...

 

Anamla atam gedir teatra. Mən qalıram evdə nənəmlə.

 

Atam ova gedəndə deyirəm:

 

– Ata, məni də özünlə ova apar.

 

Atam deyir:

 

– Yox, Səlim, sən hələ balacasan, yorularsan...

 

Atam gedir ova, anam gedir işə. Mən qalıram evdə nənəmlə.

 

Səhər qonşumuz, mənim dostum Dadaş çantasını götürüb məktəbə gedir.

 

Deyirəm:

 

– Dadaş, məni də məktəbə apar.

 

Dadaş deyir:

 

– Yox, Səlim, sən hələ balacasan, oxuya bilməzsən...

 

Dadaş gedir məktəbə. Atam gedir işə, anam gedir işə. Mən qalıram evdə nənəmlə.

 

Nənəm də Laləni qucağına götürüb həyətdə gəzdirir. Lalə mənim bacımdır. Lap balacadır. Mənim üç yaş iki ayım var, onun – hi, hi, hi, adamın gülməyi gəlir!.. – heç bir yaşı da yoxdur.

 

Həyətdə nənəmə deyirəm:

 

– Nənə, Laləni ver bir az da mən gəzdirim.

 

Nənəm deyir:

 

– Yox, Səlim, sən hələ balacasan, gücün çatmaz, yıxarsan...

 

Nənəm özü Laləni gəzdirir, mən də onun arxasınca gedirəm. Belə də iş olar?..

 

Bəs necə olur ki, televizorda məndən də çox-çox balaca – bax, bu boyda, lap bir cıqqanaq!.. – adamlar, özləri tək ova da gedirlər. Amma heç yorulmurlar, teatra da gedirlər, amma heç yuxuları gəlmir, məktəbə də gedirlər, «beş» alırlar, hələ müəllim də olurlar, maşın da sürürlər, təyyarədən də paraşütlə tullanırlar, gəmidə də üzürlər?

 

Hə? Bəs necə olur?

 

«Balaca Səlim...» Belə də iş olar?