Nağıllar, hekayələr

Əfsanə Laçın. Sehrbaz

Aylar keçir, il dolanır, yeni nağıllar yaranır, bu nağılların içindən ən gözəlin seçərəm, sizə nağıl biçərəm.


 
Möcüzələr ölkəsində bir Sehrbaz yaşarmış. O, öz sehirləri ilə həm özünün, həm də ölkəsinin hər istəyini yerinə yetirirdi. Sehrbaz çubuğunu yellətməklə qurdu quzuya, dəvəni filə çevirir, hətta fikirləri də dəyişə bilirdi. Hər kəs ona həsəd aparır, onun kimi olmağı arzu edirdi. O özü də Möcüzələr ölkəsinin bütün sakinlərinə həsəd aparırdı, çünki ondan başqa hər kəsin ailəsi, dostları var idi. O, arzulayırdı ki, ailəsi olsun. Ancaq o nə qədər etsə də sehrinin köməyi ilə buna nail ola bilmir, özünü aciz hesab edirdi.


 
Bir gün Sehrbaz çəmənlikdə gəzirdi. O, çox kədərli və məyus görünürdü. Özünü çox bədbəxt, tənha hiss edirdi. Sehrbazın gözündən bir damla yaş “ağ çiçəyin”ləçəyinə düşür. Sehrbaz göz yaşlarını gizlətmək üçün əlləri ilə üzünü tutur. Üzünü açanda nə görsə yaxşıdı?! Sehrbaz gördü ki, damla gözəl bir qıza çevrilib. O, çox heyrətlənmişdi, həm də sevinirdi.


 
Sehrbaz Damlanı görən kimi ona vurulur. Damla bir göz qırpımında çəmənlikdən yox olur. Sehrbaz onunla danışmağa belə macal tapmır. O Damlanın hara yox olduğunu başa düşmürdü. Nə qədər sehr etsə də onu tapa bilmir, əzab çəkirdi.


 
Bir gecə Damla Sehrbazın yuxusuna girir. O, Sehrbaza deyir:

 

- Əgər mənim qayıtmağımı istəyirsənsə, ilk növbədə özünü mənə sevdirməlisən.

 

Sehrbaz deyir:

 

- Səni görmədən bunu necə edəcəm?!

 

Damla deyir:

 

- Bax, bunun yolunu sən özün tapmalısan.


 
Sehrbaz yuxudan oyanır. Özünü Damlaya sevdirmək üçün min cür sehr edir. Amma istəyinə nail ola bilmir. Sehrbaz düşünür ki, əgər həyatda onun üçün ən vacib olan bir şeyi sehr vasitəsi ilə əldə edə bilmirsə, sehrbazlıq onun nəyinə lazımdır?! Bu niyyətlə də o, sehrbazlığın daşını atıb, adi insanlar kimi yaşamağa başlayır. Bütün ölkəni gəzib, Damlanı axtarır. Amma tapa bilmir. Sehrbaz kor-peşman evinə qayıdır. O hər gün bağçada bir ağ çiçək əkir, bir gün Damlanın qayıdacağına inanır. Bir il keçir, bağçada milyonlarla ağ çiçəklər boy atır. Hər kəs Sehrbazın Damlaya olan məhəbbətindən, əkdiyi çiçəklərdən danışır. Damla Sehrbazın sevgisinə inanır və onun yanına getməyi qərarlaşdırır. Həm də o insanların ağızdolusu danışdığı bağçanı görməyə tələsirdi.


 
Damla qayıdır. Sehrbaz və Damla xoşbəxt ailə qurub, ömürboyu bir yerdə yaşayırlar. Sehrbaz artıq başa düşürdü ki, dünyanın ən böyük sehri sevgidi. O elə bir sehrdir ki, onun nə zaman gələcəyini bilmək olmur və o yeganə sehrdir ki, öz təsirini heç vaxt itirmir.


 
O gündən “Möcüzələr ölkəsində” bütün sevənlər bir-birinə ağ çiçəklər hədiyyə edir. Hər kəs bağçasında ağ çiçəklər əkirdi.