Şeirlər

Zahid Xəlil. Torpağın məhəbbəti

Qışın ağ saçından utandı dağlar,

Üzünə dumandan bir örpək çəkdi.

Yayın həsrətinə dözmədi bağlar,

Söyüd yarpaq-yarpaq göz yaşı tökdü.

 

 

Qar yağdı, hər ağac qurdu bir dəyə,

Meşələr bənzədi, bir ağ obaya.

Uşaqlar doyunca sevinsin deyə,

Qayalar çevrildi Şaxta babaya.

 

 

 

 

Yollar da, çöllər də geydi ağappaq.

Dünya ağcaqayın meşəsi oldu.

Sübhəcən yem gəzib bərkdən ulamaq,

Yenə yalquzağın peşəsi oldu.

 

 

Qış qalib gəlsə də köhlən atında,

Canında bir qorxu atəşi görür.

Yer rahat yatsa da qarın altında,

Hər gecə yuxuda günəşi görür.

 

 

Görür, yoxa çıxıb ağcaqayınlar,

Qış da uşaq kimi çöldə bürüşüb.

Quşlar da çıxarır min cür oyunlar,

Dünya öz əvvəlki şəklinə düşüb.

 

 

Görür ki, baharın yaşıl saçından,

Çöllərə gül-çiçək yağışı yağır.

Yapışıb günəşin qızıl saçından,

Çiçəklər çəməndə incilər yığır.

 

 

Hər il bu nağılı deyir təbiət,

Hər il bu yalanlar faş olub gedir.

Bu soyuq nağılın sonunda əlbət,

Qış yazın önündə quş olub gedir.

 

 

Nə qədər qar, boran olsa da fəqət,

Torpağı qızdırır, öz məhəbbəti.

Üç ay qış paltarı geyir təbiət,

Qəlbində yaşadır, yaz məhəbbəti.