Şeirlər

Sənəm Gül. Qərənfil

Tarixin köksündə sinə dağlayan
Qanlı meydanlarda matəm saxlayan.
Şəhidlər qanından qana boyanan
Qanlı meydanlarda soldun, qərənfil.

 

Hansı bağçalardan dərdilər səni,
Hansı gülşənlərdən üzdülər səni
Xoşbəxt günlərindən aldılar səni
Matəm güllərinə döndün, qərənfil.

 

Təzəcə açılmış qönçə güllərin
Bizə xatırladır qəmli günləri.
Günahsız məhv olan yüzlər, minləri
Səcdəyə qapılan gülsən, qərənfil.

 

Boynun bükülübsə, boynunu əymə
Şəhid oğulların xətrinə dəymə
Tökülən qanlara çox da üzülmə
Sən də şəhid oldun, şəhid, qərənfil.

 

Bir zaman şad idin toyda-düyündə
Sənlə xoşnud idi bəy də, gəlin də.
Fərizə İlham tək sevənlərin də
Vüsal həsrətilə soldun, qərənfil.

 

Dərdli ürəklərdə bir fəryad oldun
Şəhid məzarlarda saraldın-soldun
Sən də öz adınla bir çələng hördün
Şəhidlər köksündə yatdın, qərənfil.
Azadlıq qurbanı oldun, qərənfil.