Nağıllar, hekayələr

Əli Səmədli. Qarağacın kölgəsi

Aysellə Aytel nənələrigilə gedirdilər. Hava günəşli və çox isti idi. Nənələrinin də evi kəndin lap o başında idi. İsti onları karıxdırmışdı. Qızların alnından tər axırdı. Küçəni burulanda yolun qırağında bir iri, şaxəli qarağac gördülər.

 

Onun kölgəsində daldalandılar. Ağacın kölgəliyi necə də sərin idi. Uşaqlar dincəldilər, tərləri soyudu. Yola düşəndə dedilər:


– Çox sağ ol, ay kölgə, sən olmasaydın, isti bizim nəfəsimizi kəsmişdi.

 

Bu zaman onların yanından ötən Gülsabah xala gülümsəyib dedi:

 

– Siz “sağ ol”u kölgəyə yox, qarağaca deyin. Axı qarağac olmasaydı, kölgə haradan olacaqdı?!