Nağıllar, hekayələr

Şair və hökmdar

Qazaxdan olan bir qarının oğlu Gəncədə dustaq imiş. Qarı oğlunu azad etdirmək üçün Molla Pənaha müraciət edir. O da qarının adından Cavad xana bir məktub yazır.

 

Cavad xan məktubu oxuyur. Qarını çağırıb soruşur ki, bunu kim yazıb? Qarı əvvəlcə cavab vermir, amma xan təkid edəndən sonra Molla Pənahı nişan verir. Xan Molla Pənahı hüzuruna çağırıb ondan soruşur ki, bu məktubu sənmi yazmısan? Molla cavab verir ki, bəli, mən yazmışam. Xan ona deyir:

 

– Bundan sonra mənə göndərilən müraciətlərin hamısını sən yaz. Hər məktubuna görə sənə bir qızıl verəcəyəm.

 

Bir neçə vaxtdan sonra İbrahim xan Gəncəyə Cavad xana qonaq gəlir. İbrahim xan Cavad xandan bir qabil mirzə istəyir. Cavad xan Molla Pənahın məharətini ona tərifləyir. İbrahim xan çox hörmətlə şairi qəbul edib özü ilə Qarabağa aparır. Orada Molla Pənah az müddətdə öz bacarığını göstərir və İbrahim xanın ən yaxın sirdaşı olur.