Nağıllar, hekayələr

Mətanət Ulu Şirvanlı. Qurbağa

Haçaqıç cırcırama meşədə cır... cırr... cır... cırıldayır, yaxınlıqdakı qamış basmış gölməçədə yaşıl donbalangöz qurbağa isə qur... qur... qur – deyə quruldayırdı.


Hündür şam ağacından başıaşağı sallaq vəziyyətdə yatan yarasa onların səsindən oyanır. Gecələr yatmayan, hər tərəfi sülənən yarasa yuxudan oyandığından əsəbiləşib siçan kimi ciyildədi. Dişlərini xırçıldatdı:


– Axmaqlar, bəsdirin, səsinizdən yata bilmirəm, kəsin səsinizi! –dedi.


Torpaq üstündə ora-bura qaçan qarışqaların isə dünya vecinə deyildi. Əllərinə keçən azuqələri yuvalarına daşımağa tələsirdilər. Elə bu zaman yarasa ağacdan dişləri ilə qopartdığı ağac qozasını;


– Kəs səsini, eybəcər qurbağa! - deyib, qurbağaya atmaq istədi.


Lakin qoza ağzından sürüşüb, kiçik bir qarışqanı üstünə düşdü. Bunu görən cırcırama cırıldaya-cırıldaya güldü:


– Ha.. ha.. a.. ha... cır...ha... ha... cır...r...r... Əcəb gülməlidir! -dedi.


Ətrafdakı qarışqalar yüyürüb qozanı kənara diyirlətdilər. Qarışqanı qozanın altından çıxartdılar. Bu vaxt qarışqalardan biri yaxınlıqdakı yumru olan nəyi isə göstərərək:


Gör orda nə var?
Kim baxsa qorxar.
Oy...y...


Digər qarışqa:


Göbələkpapaq,
Gəl gedək baxaq. 


Yarasa uçub qarışqalara yaxın gəldi. Qurbağa hop..hop...hop... deyə-deyə yarasaya yaxın yerə tullandı. Cır..cır cırıldayan çəyirtkə yaxınlıqdakı kola sarıldı. Maraq onları bürüdü: Gözlərini yumru olan nəyəsə zillədilər. Papağa bənzəyən yumru tərpəndi. Hamı qorxdu. Ətrafa səpələndilər. Yarasa siçan kimi ciy edib, dişlərini göstərdi, qulaqlarını dikəltdi, sonra da başıaşağı ağacdan yelləncək kimi sallandı. Amma gözlərini papaqkimidən çəkmədi.


Qurbağa soruşdu:


– Qur... qur... bu nədi belə?


Cırcırama cavab verdi: – cır ...cır... Göbələkpapaq!


Onlar qorxa-qorxa çağırdılar;


– Göbələkpapaq, ay Göbələkpapaq, sən kimsən? 


Elə bu zaman papaqsız qalan göbələyin səsi gəldi. Göbələk yüyürə-yüyürə özünü yumru olan nəyəsə çatdırdı.


Hara gedirsən, hara?
Papağımı ver bura.


Qur...qur... bu ki, göbələyin səsidir. Göbələk, sənsən? – soruşdu qurbağa.


Papaqsız göbələk:


– Bəli, mənəm.


Qarışqa güldü:


– Papağın hanı bəs?


Göbələk:


– Budey, dozanqurdunun başında. Papaq altında itib-batan dozanqurdu papağı gözünün üstündən qaldırıb göbələyə məzəmmətlə baxdı.


– Görməmişin biri, verəcəydim də papağını özünə. Günəş çıxıb isti vurur üzümə. Səni dost bilirdim özümə.


Göbələk:


– Səndən mənə dost olmaz! Papağımı ver bura.

Onlar papağın; 
Ətəyindən yapışdılar.
Papaq üstə dartışdılar.
Yaramazsan deyə-deyə,
Hirsləndilər, bağrışdılar.


Tamaşaya duranların hərəsi bir məzəmmətlə Yarasa: – ciy..ciy...y...dişlə onu, yaramaz, Qurbağa: – qur...qur... ay...ay səni, qanmaz! Qarışqa: -Ah, dalaşmayın, heç kim sizi anlamaz. Beləcə hər biri öz fikrini dedi.


Toz dumana qarışdı. Bir-biriylə dalaşdılar. Yadlar gəlib bu söhbətə qarışdılar. Göbələklə dozanqurdu danışdılar. Nəhayət ki, bir dil tapıb barışdılar Dozanqurdu papağı göbələyin başına qoyub dedi:


– Göbələk, bağışla məni.
İstəmirdim incidəm səni.


 
Göbələk:


Başa düşürəm səni.
Gedək gəzək çəməni.
 
Onlar qolboyun olub, getdi. Nağılımız burda bitdi. Qarışqa evinə getdi, qurbağa suya tullandı, Yarasa ağacdan sallandı. Cırcırama cırıldadı. Yarasa yatıb xoruldadı.


Gözləyin, ay uşaqlar, növbəti nağıl başladı.