Nağıllar, hekayələr

İlham Ağayev. Futbol topu

"Dərman" hekayəsi əsasında

 

Dərs ilinin birinci günü idi. Yay tətili dövründə Adilgilin məktəbi tam təmir olunmuşdu. Ağappaq divarlar, tünd-yaşıl yazı löv həsi, rəngli plakatlar, təzə rahat partalar – hər şey adam da oxumaq, çalışmaq həvəsi oyadırdı.

 

Lakin 4-cü sinifdə oxuyan oğlanları da ha çox başqa şey maraqlandırırdı. Onlar gözlərini pəncərədən çəkmirdilər. Sinfin pəncərələri futbol meydan çasına açılırdı. Meydança isə gəl-gəl deyirdi. İndi onun yamyaşıl ot örtüyü vardı. Qapıların dirəkləri rənglənmiş, yeni tor çəkilmişdi. Meydançanın kənarları, hətta cərimə meydançası da ağ rənglə xətlənmişdi.

 

Sinfin başqa oğlanları kimi, Adilin də bir gözü pəncərədə idi. Hamı bu gözəl meydançada futbol oynayacağı anı böyük səbirsizliklə gözləyirdi.

 

Tənəffüs zamanı uşaqlar pəncərənin qarşısına yığışdılar.

 

– Gördünüz, əsl futbol meydançasıdır.

 

– Xətləri görürsən, necə aydındır?! Daha aut olanda heç kim mübahisə etməyəcək.

 

– Hətta penaltinin yeri də işarə olunub. Daha ayaqla on bir metr ölçməyəcəyik.

 

Uşaqlar qərara aldılar ki, dərsdən sonra gedib evdə nahar etsinlər, futbol oynamaq üçün valideynlərindən icazə alıb meydançaya yığışsınlar. Bu vaxt Ramiz dilləndi:

 

– Amma belə meydançada köhnə topla oynamaq düzgün olmaz. Bəlkə, pul yığaq, təzə top alaq?

 

Hamı razılaşdı. Doğrudur, bəziləri pirojki, buterbrod pulundan imtina etməli oldu. Amma nə etmək olar, belə bir meydançada futbol oynamaq həvəsi çox güclü idi. Xırda pulla olsa da, düz on manat yığıldı. Bu isə yaxşı top almaq üçün kifayət idi. Pulu Adilə verib top almağı ona etibar etdilər. Qərara gəldilər ki, axşam saat beşdə meydançanın yanında yığışsınlar.


Adil evə gəlib nahar etdi. Sonra müəllimin verdiyi ev tapşırıqlarını yerinə yetirdi. O, tez-tez atasının dünən bağışladığı saata baxırdı. Atası bu saatı Adilə verəndə demişdi:

 

– Sən artıq böyük oğlansan. Vaxtını planlaşdırmağı, rejimlə yaşamağı bacarmalısan. Ona görə də bu saatı sənə hədiyyə edirəm.

 

Saat beşin yarısında Adil idman paltarını geyinib evdən çıxdı. O, yolboyu necə futbol oynayacağını düşünürdü: “Görəsən, hücumçu olsam, yaxşıdır, yoxsa müdafiəçi? Əşi, nə fərqi var, təki qapıçı olmayım”.

 

İdman malları mağazası Adilgilin evinin yanında, beşmərtəbəli binanın altında yerləşirdi. Mağazaya bitişik böyük bir aptek də var idi. Adil mağazaya girməmişdən əvvəl vitrindəki futbol toplarına nəzər saldı. Sarı-mavi rəngli top daha çox xoşuna gəldi. Fikirləşdi ki, pul çatsa, elə bu topu alsın. Bu vaxt o, aptekin qabağında bir oğlanın divara söykənib ağladığını gördü. Oğlan çox balaca idi. Birinci sinif şagirdinə oxşayırdı.

 

Adil oğlana yaxınlaşıb soruşdu:

 

– Sənə nə olub, niyə ağlayırsan?

 

Oğlan hönkürtü ilə ağlamağa başladı. Adil onun göz yaşlarını sildi.

 

– Ağlama. Azmısan, ya səni incidiblər?

 

Oğlan burnunu çəkib başını buladı:

 

– Yox, azmamışam, məni heç kim incitməyib. Mən... mən... anamın dərmanını salıb sındırmışam.

 

Uşaq yerdəki şüşə qırıntılarını göstərib bərkdən hönkürdü:

 

– Mən şüşəni bərk-bərk tutmuşdum, ancaq o, əlimdən sürüşüb düşdü.

 

Adil uşağı sakitləşdirməyə çalışdı. Soruşdu:

 

– Deməli, anan xəstədir?

 

– Hə. Həkim gəldi, bir kağızın üstünə nə isə yazdı. Anam həmin kağızı, bir də on manat pul verdi ki, aptekdən dərman alım. İndi mən anama nə deyəcəyəm?!

 

Adil ovcundakı pullara, bir də vitrindəki sarı-mavi topa baxdı. Uşağın əlindən tutub onunla birlikdə aptekə daxil oldu. Satıcıya yaxınlaşıb əlindəki pulları piştaxtanın üstünə qoydu və dedi:

 

– Xahiş edirəm, bu uşağa verdiyiniz dərmandan birini də verin.

 

Adil dərmanı alıb uşağa verdi. Onu yola salanda bərk-bərk tapşırdı:

 

– Bax əlindən salma ha!

 

Uşaq uzaqlaşdıqdan sonra Adil atasının bağışladığı saata baxdı. Saat beş tamam idi...