Bu maraqlıdır!

Kütlə və onun ölçülməsi

Maddələrin mühüm xassələrindən biri onun kütləyə malik olmasıdır. Kütlə cismin ağırlıq dərəcəsini ifadə edir. Məsələn, içərisi qumla dolu olan arabacığı yerindən tərpətmək boş arabacığı tərpətməkdən daha çətindir. Çünki dolu arabacığın kütləsi boş arabacığın kütləsindən daha böyükdür. Cismin ağırlığı ondakı maddənin miqdarından asılıdır. Belə ki, cisimdəki maddənin miqdarı nə qədər çox olarsa, o daha ağır olar.
 
 
Beynəlxalq Vahidlər Sistemində (BS) kütlə vahidi kiloqram (1 kq) qəbul olunmuşdur. Cisimlərin kütləsi müxtəlif vahidlərlə də ifadə oluna bilər:
 
 
1t (ton) = 1000 kq (kiloqram), 1t = 10 s (sentner),
1s =100 kq, 1kq =1000 q (qram).
 
Kütlə m hərfi ilə işarə olunur və tərəzi vasitəsilə ölçülür.
 
Kütlə vahidi olaraq platin və iridium ərintisindən hazırlanmış etalon qəbul edilmişdir. Bu etalonun kütləsi 1 kq-dır. Həmin etalon Fransanın Sevr şəhərində saxlanılır. Tərəzilərdə cismin kütləsi bu etalonun surətləri ilə müqayisə edilir.
 
Cismin kütləsinin birbaşa ölçülməsi qollu tərəzi, yaylı tərəzi və elektron tərəzilər vasitəsilə həyata keçirilir.
 
Artıq fizika laboratoriyalarında cismin kütləsi elektron tərəzi vasitəsilə ölçülür.