Nağıllar, hekayələr

Zahid Xəlil. Yaxşılığa yaxşılıq

Bir dəfə Əhmədlə Səməd meşədən keçəndə bir ayı balasına rast gəldilər. Ayı qurumuş ağacın üstündə oturub zarıyırdı. Əhməd dedi:

 

– Görəsən, o niyə zarıyır?

 

Səməd dedi:

 

– Nə işinə qalıb? Gəl qaçaq. Bizi görən kimi üstümüzə cumacaq.

 

– Dayan görüm, burada nəsə bir sirr var, – deyə Əhməd ehtiyatla ayıya yaxınlaşdı.

 

Yaxına gələndə gözlərinə inanmadı. Ayı balasının qabaq pəncəsi ağacın yarıq yerinə girmişdi. Ya zıq heyvan nə qədər əlləşirdisə, pəncəsini çıxara bilmirdi.

 

Əhməd ətrafı axtarıb yekə bir ağac tapdı. Onu ağacın yarığına salıb əyməyə çalışdı. Amma gücü çatmadı. Səmədi köməyə çağırdı. Səməd isə barmağını dodaqlarına aparıb “sus” işarəsi verdi, yəni “mən burada yoxam”.

 

Əhməd var gücünü toplayıb ağacı bir də qanırdı. Nəhayət, ayı balasının pəncəsi ağacın yarığından çıxdı. O axsaya-axsaya meşənin içinə doğru getdi. Hərdən dönüb Əhmədə tərəf baxır, sanki ondan arxasınca gəlməyi xahiş edirdi.


Əhməd ayı balasının hərəkətinə təəccüblənsə də, onun dalınca getdi.

 

Onlar meşənin qalın yerinə gəldilər. Ayı balası bir ağacın yanında dayandı. Əhməd gördü ki, ağacın koğuşu ağzına kimi balla doludur. Sən demə, ayı öz xilaskarını bala qonaq etmək istəyirmiş.