Nağıllar, hekayələr

Terapevtik nağıl. İki qardaş və möhkəm iradə

Keçmiş zamanlarda, uzaq bir ölkədə iki qardaş yaşayırdı. Onlar çox mehriban idilər: hər şeyi birlikdə edib, birlikdə yol gedirdilər. Hər ikisi “qəhrəman” olmaq arzusunda idi.

 

Bir gün qardaşlardan biri dedi: "Əsl qəhrəman güclü və cəsur olmalıdır!" və hər gün gücünü artırmaq məqsədilə məşq etməyə başladı; o, ağır daşlar qaldırır, dağlara dırmanır və fırtınalı çaylarda üzürdü.

 

Digər qardaş isə dedi: “Əsl qəhrəman möhkəm iradəli və müdrik olmalıdır!” və iradəsini möhkəmlətmək məqsədilə məşqlər etməyə başladı. İlk öncə o, istəklərinə “yox” deməyi öyrəndi: işini yarımçıq buraxmaq istədi, amma sona çatdırdı; səhər yeməyinə şirinçörək yemək istədi, amma axşam yeməyinə saxladı və s.

 

Zaman keçdikcə qardaşlar böyüdülər. Onlardan biri ölkənin ən güclü adamı, digəri isə ən qətiyyətlisi və müdriki, güclü iradə sahibi oldu.

 

Günlərin bir günü, qardaşların ölkəsində bədbəxtlik baş verdi: dəhşətli qara Əjdaha ölkəyə hücum etdi; mal-qaranı apardı, evləri yandırdı və sakinləri oğurladı.

 

Qardaşlar öz xalqını xilas etmək qərarına gəldilər.

 

Gedib Əjdahanı öldürəcəm! - güclü qardaş dedi.


Əvvəlcə onun zəif yerinin harası olduğunu öyrənməlisən – iradəli qardaş cavab olaraq dedi.

 

Onun zəifliyinin nə olduğunu bilməyə ehtiyacım yoxdur! - gücü ilə öyünən qardaş dedi - Əsas odur ki, mən güclüyəm!


Beləliklə, güclü qardaş qara Əjdaha qalasının dayandığı yüksək dağa tərəf yollandı. O, qalaya çatıb ucadan qışqırdı:

 

-  "Ey Əjdaha! Mən səni məğlub etməyə gəlmişəm! Çıx mənimlə döyüş!

 

Qalanın darvazaları açıldı və qarşısına dəhşətli qara Əjdaha çıxdı. Əjdahanın qara qanadları səmanı tutdu, gözləri məşəl kimi yandı, ağzından isə od püskürdü.

 

Əjdahanı görən güclü adam qorxunun ürəyinə girdiyini hiss etdi, və o, yavaş-yavaş Əjdahadan geri çəkilməyə başladı. Əjdaha isə qoçaq hər geri çəkildiyində daha da böyüyüb, nəhəng oldu və birdən quyruğunu yerə çırpdı, həmin an güclü qardaş daşa çevrildi.

 

Qardaşının başına gələnləri eşidəndən sonra ağıllı qardaş qərara gəldi ki, Əjdaha ilə döyüş növbəsi artıq ondadır. Bəs onu necə məğlub etmək olar?... 

 

Ağıllı qardaş dünyanın o biri tayında yaşayan müdrik Tısbağadan məsləhət istəməyə qərar verdi. Tısbağaya gedən yol isə üç çox təhlükəli krallıqdan keçirdi: Birincisi-  «Hər şey istəyirəm» krallığı idi. Bu səltənətə girən adamın dərhal çoxlu arzuları yaranır: o, gözəl paltarlar, bahalı zinət əşyaları və ləzzətlər əldə etmək istəyir, lakin “istəyirəm” deyən kimi dərhal daşa çevrilir və əbədi olaraq bu səltənətdə qalır. Bizim qəhrəmanın da istəkləri çox idi, amma o, bütün iradəsini toplayaraq onlara “yox” dedi. Buna görə də o, bu ölkəni tərk etməyi bacardı.

 

İkincisi – «Qıdıq» krallığı idi - buranın sakinləri hər zaman bir-birini qıdıqlayıb işdən yayındırırdılar, ona görə də bu krallıqda heç kim heç nə edə bilmirdi: nə iş görə, nə istirahət edə, nə də ki oyun oynaya bilmirdilər. Bizim qəhrəmanımız da yoldan keçənləri qıdıqlamaq istədi, amma, yenə də sahib olduğu möhkəm iradəsi ona bunu etməyə icazə vermədi; əks halda o da daşa çevrilib bu səltənətdə qalacaqdı.

 

Nəhayət, qəhrəmanın yolunda ən dəhşətli üçüncü səltənət dayanmışdı – «Mənəm mən» krallığı. O, bu krallığa girən kimi dərhal qışqırmaq istədi: "Ən ağıllı - Mənəm", "Ən cəsur –Mənəm", "Ən gözəl- Mənəm", "Ən çox ...- Mənəm". Burada, ona uzun illər üzərində işlədiyi MÖHKƏM İRADƏ kömək oldu. O, bu səltənətdən də səssizcə keçdi və müdrik Tısbağanın evinə gəlib çatdı.

 

Salam, müdrik Tısbağa! – o, dedi, - Mən sizdən məsləhət almaq üçün gəlmişəm. Zəhmət olmasa mənə qara Əjdahanı necə məğlub etməyi öyrədin!


Yalnız möhkəm iradəsi olan adam Əjdahanı məğlub edə bilər! - deyə Tısbağa cavab verdi.- Sən üç dəhşətli səltənətdən keçdin, bu o deməkdir ki, sən bunu edə bilərsən. İnsanın iradəsi nə qədər güclüdürsə, dəhşətli Əjdaha da bir o qədər zəifdir! Get, sən qalib gələcəksən!


Tısbağa gözlərini yumub yuxuya getdi, qəhrəmanımız isə ona baş əyib, öz ölkəsinə qayıtdı.

 

Qəhrəmanımız qara Əjdahanın yaşadığı qalanın darvazalarına yaxınlaşıb onu döyüşə çağırdı. Əjdaha qaladan çıxıb, qara qanadlarını geniş açıb, ağıllı qardaşa tərəf getdi. Əvvəlcə, qəhrəmanımız əjdahanı görən kimi qorxdu, amma iradəsini toplayaraq qorxuya qalib gəldi və yerində dayandı, bir addım belə geri çəkilmədi. Birdən... dəhşətli Əjdaha kiçilməyə başladı. O, getdikcə tamamilə yox olana qədər kiçildi. Tısbağa həqiqəti söyləmişdi: insanın iradəsi nə qədər güclüdürsə, pis Əjdaha da o qədər zəifdir!

 

Əjdaha yoxa çıxan kimi onun qara qalası dağıldı və ölkənin sakinləri sağ və salamat olaraq qəhrəmanı qarşılamağa qaçdılar. Onların arasında qəhrəmanın qardaşı da var idi.

 

O vaxtdan qardaşlar xoşbəxt yaşayırlar.

 

Beləliklə, MÖHKƏM İRADƏ - qəhrəmana qorxunu məğlub etməyə kömək etdi!