Nağıllar, hekayələr

Elçin Əfəndiyev. Balaca qırmızı çiçək

Balaca Qırmızı Çiçəyin bir gün yaşı var idi. Bircə gün idi ki, Balaca Qırmızı Çiçəyin qönçəsi açmışdı. Qıpqırmızı xırdaca ləçəkləri lap nazik idi. Elə nazik ki, kəpənək qonsaydı əzilərdi. Buna görə də kəpənəklər o Balaca Qırmızı Çiçəyin ləçəklərinə qonmurdu, kəpənəklər istəmirdi ki, o ləçəklər əzilsin, uçub gedib başqa güllərə, başqa çiçəklərə qonurdu.

 

Kəpənəklər özləri də çox yüngül idi, qırmızı idi, ağ idi, sarı idi, adam o rəngbərəng kəpənəklərə baxdıqca baxmaq istəyirdi. Buna görə də kəpənəklər başqa güllərə, başqa çiçəklərə qonub Balaca Qırmızı Çiçəyə baxırdı, Balaca Qırmızı Çiçəyin yüngüllüyünü hiss edirdi, qıpqırmızı xırdaca ləçəklərinin zərifliyini görürdü və kəpənəklər də dünyada belə gözəl qırmızı çiçək olduğu üçün sevinirdi.

 

Həmin gün elə bil ki, günəş də sevinirdi, şüaları bütün çəməni qızdırırdı. Həmin gün çəməndəki güllərin, çiçəklərin rəngləri də sevinirdi, qırmızı göyə qarışmışdı, göy sarıya, sarı yaşıla, yaşıl məxməriyə qarışmışdı və elə bil ki, həmin gözəl yaz günündə çəməndəki bütün rənglər gülürdü.

 

Bülbüllər də çəmənin sevinən rənglərinə baxırdı və gözəl nəğmələr oxuyurdu. Bülbüllərin həmin yaz günündəki nəğmələri dünyanın yaxşı işlərindən, gözəl hadisələrindən xəbər verirdi, anaların laylasından, uşaqların yuxusundan deyirdi. Günəş də, güllər də, çiçəklər, kəpənəklər, bülbüllər də sevinirdi, təkcə... təkcə o Balaca Qırmızı Çiçək qəmgin idi.

 

Balaca Qırmızı Çiçəyin zərif çiçəkləri gülə bilmirdi, onlar da o qədər incə və zəif idilər ki, həmin isti, günəşli yaz günü, hətta bir az üşüyürdülər də. O qırmızı çiçəyin yanında Böyük Sarı Gül bitmişdi. Çəməndə bütün güllər, çiçəklər, otlar Böyük Sarı Gülə hörmət edirdi. Böyük Sarı Gül hər şeyi bilirdi, hər şeydən xəbərdar idi. Çəməndə güllərin, çiçəklərin nə sualı olsaydı, Böyük Sarı Gülə verərdi. Çünki Böyük Sarı Gülün yaşı çox idi; Böyük Sarı Gülün qönçələri artıq düz yeddi gün idi ki, açmışdı.

 

Böyük Sarı Gül Balaca Qırmızı Çiçəyə baxdı, qıpqırmızı incə ləçəklərdəki qəmginliyi gördü və dedi:

 

– Bu gün gözəl gündür... Bütün çəmənimiz sevinc içindədi... Bəs sən nə üçün sevinmirsən? Nə üçün günəşin şüaları ilə qızınmırsan? Sən nə üçün qəmginsən?

 

Balaca Qırmızı Çiçək zəif, incə ləçəklərini yüngülcə qaldırıb Böyük Sarı Gülə baxdı və nazik, titrək səsi ilə dedi:

 

– Bax, o balaca qızın anası var... Bax, o balaca buzovun anası var. Bax, balaca bülbülün anası var... Bəs niyə mənim anam yoxdur?

 

Anası balaca qızını qucağına alıb çəməndəki cığırla kəndə tərəf gedirdi. İnək buzovu yanına salıb qarşı dağın döşündən keçirdi. Bülbülün balaları çəmənə bitişik ağaclıqda başlarını yuvalarından qaldırıb analarının səsinə səs verirdi.

 

Böyük Sarı Gül o balaca qızın anasına, o ana bülbülə, o inəyə baxdı, gülümsədi, sonra, elə bil, daha da mehribanlaşdı. Balaca Qırmızı Çiçəyə dedi:

 

– Sən hələ balacasan. Ona görə də hələ çox şey bilmirsən... Sənin anan torpaqdır. Mənim də, bütün güllərin, çiçəklərin də, bax, o böyük ağacları görürsən, onların da anası torpaqdır.

 

Sonra Böyük Sarı Gül göz işlədikcə uzanan düzlərə, çəmənlərə baxdı və yenə də Balaca Qırmızı Çiçəyə dedi:

 

– Bax, görürsən, bizim anamız torpaq necə böyükdür, necə genişdir?

 

Balaca Qırmızı Çiçək də geniş çöllərə, düzlərə baxdı.

 

Əlbəttə, Balaca Qırmızı Çiçək sevinirdi ki, onun da anası var. Sevinirdi ki, onun anası belə böyükdür, belə güclüdür. Amma... amma o sevincdə Balaca Qırmızı Çiçəyin özü kimi lap yüngül, lap zərif bir qəmginlik var idi, çünki Balaca Qırmızı Çiçək istəyirdi ki, onu da anası qucaqlaya bilsin, xırdaca ləçəklərini öpsün...