Şeirlər

Elçin Əfəndiyev. Yanıltmaclar

Qar yağıb, yağmayıb?

 

– QAR!.. QAR!..
Vay... QAR yağıb? Yazda bəyəm QAR yağar?
Yox... Sən demə, qarğadı, ağacın budağına qonub, QAP-QAR salıb:
– QAR-R-R... QAR-R-R...

 

 

Qumru quşları


O qumru quşlarına bax, nə hirslə QURULDAYIR...
Qumru quşu QUR-QUR QURULDAYIR. Elə bil deyir ki, mənə yuva QUR.
QURMARAM, ay tənbəl qumru quşu, özün QUR.
Sən QURA bilməsən, yaxşı mən QURARAM.
QURULDAMA QUR-QUR, uç özün QUR.

 

«Süz» və «süz»

 

– Bir tapmaca deyim sənə?
– Hə!
– «Düyünü «SÜZ!» Bu nə «SÜZ»dü belə?
«Dur ayağa, SÜZ!» Bəs bu nə «SÜZ»dü belə?

 

Bu «saz» hansı «saz»dı?

 

– Qardaşım SAZ çalır.
– SAZ SAZdı?
– Hə, lap SAZdı!
– SAZ SAZı SAZ çalır?
– Hə, SAZ SAZı lap SAZ çalır!

 

Kim uçundu, nə uçdu, nə uçmadı?

 

Birdən külək əsdi.
Birdən də pırıldayıb bir qaranquş UÇDU.
Mənim ürəyim UÇUNDU. Elə bildim qaranquşun yuvası UÇDU.
Amma yox... Qaranquşun yuvası UÇMADI, özü UÇDU.
Mənim də ürəyim daha UÇUNMADI.

 


Necə oldu yağış yağdı və daha hirsləndi

 

Yağış yağdı.
DANA qaçdı DAMA.
DAMDI, DAMDI, DAMCI-DAMCI su DAMDI DAMDAN.
Hirsləndi DANA.
Az qaldı DANA dırmaşa DAMA!

 

Gülüşün bacısı Gülər gülə gülür...

 

GÜLÜŞ gümüş GÜLDANA GÜL yığdı.
Birdən GÜLÜN biri əlindən yerə düşdü.
GÜLƏR GÜLDÜ.
GÜLÜŞ dedi:
– GÜLƏR, adam GÜLƏ GÜLƏR?

 

 

 

 

 

Abşeronda


Getdim meynədən qara ÜZÜM ÜZÜM.
ÜZÜMÜ ÜZDÜM, yedim.
Vay...
Bulaşdı ÜZÜM!..
Getdim dənizdə ÜZÜM...
Dənizdə ÜZDÜM, təmizləndi ÜZÜM.