Şeirlər

Aşıq Ələsgər. Ayağa Qarqar

Var olsun Qarabağ, əcəb səfadı,
Başa Xaçın axar, ayağa – Qarqar.
Göyçə qar əlindən zara gəlibdi,
Muğan həsrət çəkər: a yağa qar, qar...

 

Ahən gəzər, səngə vеrər mər dana,
Mərd oğulun qəhrin çəkər mərd ana.
Mərd iyid mеydanda durar mərdana,
Müxənnət yapışar ayağa, Qarqar.

 

Ələsgəri çəkməginən ala sən,
Gеyinibsən, yar, qəddinə ala sən.
Lazımdı ki, qərib könlün alasan,
İncidərsən, sana, ay ağa, Qarqar.