Dastanlar

Qazax xalq qəhrəmanlıq dastanı "Koblandı-batır"

Qazax xalqının ən populyar epik nümunələrindən olan «Koblandı-batır» dastanında yüksək mənəvi-əxlaqi keyfiyyətləri ilə seçilən batırların doğma Vətənə bağlılığı, onların öz təfəkkürü, qüvvəsi, gücü və cəsurluğu ilə doğma eli-obanı yadelli işğalçılarından azad etmələri vəsf olunmuşdur.


Qazax xalqının mənəvi həyatının mühüm tərkib hissəsi olan dastan yaradıcılığı öz rişələri etibarı ilə lap qədim dövrlərə gedib dirənir. Qeyd edək ki, hələ V-VIII əsrlərə aid edilən Orxon-Yenisey kitabələrində, epitafik yazılarda türk batırlarının qəhərmanlıq şücaətləri daşlar üzərinə həkk olunmuşdur. Konkret olaraq qazax qəhrəmanlıq dastanlarının lap qədim qatı VIII-X əsrləri əhatə etməkdədir. Bu, patriarxal–feodal münasibətlərinin dağılıb aradan çıxdığı dövrə təsadüf edir. Qazax dastanlarının əsasını qəbilələrin etnik konsolidasiyası, tayfalararası döyüş və vuruşlarla bağlı rəvayətlərin yaranması, tayfaların müxtəlif ərazilərə səpələnməsi və s. təşkil edir. Bu dastanların epik üslubunun inkişafı və formalaşması məhz əzəmətli qəhrəman-şəxsiyyətlərin ətrafında cilalanıb başa çatdırılmaqla sonuclandı. Qazaxlarda belə epik şəxsiyyətlər kimi biz daha tez-tez Koblandı, Qəmbər, Alpamıs və s. kimi qəhrəmanların adlarıyla rastlaşırıq.


XV-XVI əsrlərdə baş vermiş çoxsaylı qəbilələrdaxili çəkişmələr Qızıl Ordanın dağılmasına gətirib çıxardı. Məhz bu dövrdən sonra qazax xalqının və dövlətçiliyinin yaranması baş verdi. Az keçməmiş, daha doğrusu XVII-XVIII əsrlərdə cunqar-kalmık feodalları qazax torpaqları üzərinə işğalçı yürüşlər təşkil etdilər. Bu dövrdə gedən proseslər nəticə etibarı ilə qazax dastanlarının tam şəkildə formalaşıb başa çatması ilə nəticələndi. Cunqar-kalmıklarla qazaxlar arasında baş vermiş bu hadisələr «Yer-Tarqın», «Yer Kokşe», «Qarabəy», «Utegen-batır», «Arxalıq-batır», «Urak-Mamay», «Şora-batır» və digər nümunələrdə öz əksini tapmışdır.


Qazax xalqının epik nümunələri sırasında müxtəlif yazıya almalarda 6 mindən 9 minə qədər misradan ibarət olan «Koblandı-batır» dastanı mühüm yer tutur. Əsərin başlanğıcında digər türk dastnaları üçün səciyyəvi olan qəhrəmanın gözlənilməz doğuluşu motivi dayanır. Ahıl yaşlarında Toktar bəylə Analığın – Koblandı və onun bacısı Qarlıqanın – ekizlərin dünyaya gəlməsi baş verir. Koblandı əfsanəvi qəhrəmanlara xas olan sürətlə böyüyür, cəsur, cəld, möhkəm, dözümlü və qorxmazlığı ilə diqqəti cəlb edir. Hələ uşaq ikən, 6 yaşına çatanda o, kəhər atını yəhərləyib-yüyənləyib atasının ilxısının mehtəri Yestemisin yanına gəlib ondan ox atmanı, at çapmanı, qəhrəmanlığı, sərrast atıcılığı öyrənir.


Koblandının evlənməsi də, sevdiyi gözələ yiyələnməsi də, batır atının böyüdülməsi də və s. epik hadisələr qəhrəmanlıq dastanlarına xas olan ənənə çərçivələrində təsvir olunur. Qəhrəmanın sevdiyi gözəl uğrunda mübarizədə iştirakı onun ilk döyüş şücaəti kimi ortada dayanır. Yarışda qələbə əldə etməklə o, gözəl Qurtqanı öz doğma yurduna aparır. Bundan sonra onun qəhrəmanlıq bioqrafiyasında bu gözəl və müdrik Qurtqanın mühüm rolu daha çox nəzərə çarpır.


Koblandının bir-birinin ardınca xeyli yürüş və döyüşlərdə yadelli işğalçılara - qızılbaşlara və kalmıklara qarşı apardığı mübarizələrdə batırın əsil qəhrəmanlığı ortada dayanır. Onun ilk böyük döyüşü qızılbaş xanı Qazana qarşı aparılır.


Digər türk və dünya xalqlarının epik poemalarında olduğu kimi «Koblandı-batır»ın süjet xəttinin diqqət çəkən başlıca düyünü heç də qəhrəmanın özünün fərdi maraqları ilə yox, onun ictimai borcu ilə bağlıdır. Çünki qızılbaşlar və kalmıklar qıpçaq torpaqlarına həmlələr və hücumlar etdikdə Koblandı Qazan xana və Alşagıra qarşı amansız mübarizə aparmaqla, öz doğma vətənin bütövlüyünü, xalqın əmin-amanlıqda yaşamasını hər şeydən üstün tutur. Dastanda Koblandı obrazının bütüntərəfləri epik qəhrəmanın başlıca funksiyalarına xidmət etməkdədir. Onun bütün fəaliyyəti ictimai maraqlarla əhatələnməkdədir. Elə buna görə də o, daim bütün hərəkətlərində, əsgəri bacarığında, batırlıq şücaətində digərlərindən üstündür. Koblandı döyüşə girən zaman qaşları qarla, kirpikləri buzla örtülür, özü döyülmüş dəmirə bənzəyir, çovğun kimi coşub tufan qoparır və s. Onun qəhrəmanlığı o qədər monumental, qüvvəsi bitib-tükənməz kimi təsvir edilir ki, 40 minlik düşmən ordusu qəhrəmanın gözündə 40 nəfər kimi görünür, harayından döyüş zamanı yer lərzə gəlir, qayalar –daşlar qopur. Koblandının yenilməz qəhrəmanlığı ona digərlərinin müraciətlərində daha önəmli mövqedə durur..


Əsərdə digər türk xalq dastanları üçün səciyyəvi olan bədii təsvir vasitələrindən geniş istifadə olunmuşdur. Batırla bağlı burada müxtəlif məqamlarda tətbiq olunmuş troplar daha yadda qalan effekt yarada bilir. Bu tipli troplar sırasında batırı vəhşi heyvanlara və quşlara bənzədən qədim obrazlar əsərdə daha görümlü təqdim olunur. Buna görə də Koblandı şir kimi doğulmaqla pələngə, canavara, şahinə bənzədilir. Batıra bütün elin-obanın sevgisi tükənmizdir.


Eyni zamanda o, həm də öz ata-anasının gözlərinin işığıdır, o, xalqın, elin-obanın başbiləni, şahinidir, xanımının dilində, ağzında cəsur, istəkli, bacarıqlı hökmdardır, anadan daş kimi möhkəm doğulmuş batırdır.


Koblandının Tayburıl atının təsvirində döyüşlər və at yarışmaları zamanı hiperbolalardan istifadəyə geniş meydan verilmişdir. Buradakı ənənəvi müqayisə və epitetlər qəhrəmanın özü ilə bərabər, həm də onun atının gözəlliyini və üstün keyfiyyətlərini nümayiş etdirir. Məsələn, Tayburılın alnı ay kimi par-par yanır, qulaqları qamış kimi dik dayanır, sürətinə gəldikdə isə o ceyrandan, sayqakdan bərk qaçır və i.a. və s.


Koblandının döyüş dostları və yaxınları da epik ənənə ruhunda təsvir olunur. Bu obrazlar yetərincə ümumiləşməklə batıra xas olan əsil qəhrəmanlığın açılmasına xidmət edir.


Onların sırasında Koblandının oğlu Bokenbayın və Koblandının özünün həmyaşıdı Qaramanın obrazı daha görümlü təqdim olunur. Bokenbay əsərdə atası kimi şirə bənzədilir.


Yestemıs, hər şeydən öncə, türk dastanları üçün ənənəvi olan xanın özünün qulluqçusu, onun mehtəri və kiçikyaşlı batırın tərbiyəçisi kimi təqdim olunur. Yestemısin zahiri təsviri isə onu batırın özü səviyyəsində olan döyüşçü kimi təqdim edir və burada təsvirlər ənənəvi istifadə olunan obrazlı vasitələr çərçivələrindən kənara çıxmır.


«Koblandı-batır» dastanında əsərin qəhrəmanının çoxsaylı düşmənləri də epik qaydalara uyğun olaraq kifayət qədər gücü və bacarığı ilə seçilənlərdir. Onlardan bəziləri yetərincə ironik planda təqdim olunurlar. Məsələn, Alşaqırın yaxınları, nəhəng qırxbeş arşınlıq Qızılərin oğulları Ağanas və Toğanas belələrindəndir. Onlar Qaraspan dağı tək əzəmətli,Qazan xanın özü hündür dağ aşırımına bənzədilməklə, həm də xan mənşəli olduğu vurğulanmaqdadır. Obrazların mahiyyətindəki ümumiliklərə baxmayaraq, burada da hiperbolalardan, şişirtmələrdən geniş istifadə olunmuşdur. M.Auezov və L.Sobolev haqlı olaraq Koblandının düşmənlərinin – Qazan, Alşaqır və Kobikti obrazlarının hamısınında onların öz fərdi simalarının olduğunu qeyd etməyi yaddan çıxarmamışdılar. Burada fərdiləşdirmə digər türk xalq dastanları üçün səciyyəvi olan ənənəvi obrazlı epitetlərdən geniş istifadə etmənin köməyi ilə ortaya qoyulur.


Əsərdəki digər epizodlarla (batırın doğulması, onun ilxıda özünə köhlən seçməsi, düşmən üzərinə yeriməsi, düşmənlərlə döyüşləri, əsir düşməsi və s.) yanaşı, sevgi-məhəbbət xətti də mühüm rol oynayır. Burada sevgi-məhəbbət intriqasının ilkin düyünü kimi Kobikti xanın qızı Qarlıqanın Koblandı ilə ilk görüşü qeyd edilə bilər. Qarlıqa ilk baxışdan Koblandıya vurulur. Bunu da söyləyək ki, Qarlıqanın anası müsəlman qızı olmaqla vaxtı ilə qızılbaş Kobiktinin qıpçaq torpaqlarına etdiyi yürüşlər nəticəsində ələ keçirilmişdir. Qarlıqanın anası ölərkən öz qızının qıpçaq müsəlmanın arvadı olması vəsiyyətini qız atası Kobiktiyə xəyanət etməklə həyata keçirmişdir. Dastanın bundan sonrakı süjet quruluşunda Koblandı ilə ona ürəkdən vurulan Qarlıqanın qarşılıqlı münasibətləri görümlü yer tutur. Bu, mahiyyət etibarı ilə batırın qəhrəmanlıq bioqrafiyasının ikinci xətti və ikinci evlənməsi kimi diqqəti cəlb etməkdədir. Burada kolliziyanın əsasına epos və qəhrəmanlıq nağılları üçün səciyyəvi olan qədim motiv qoyulmuşdur ki, bu da onun özünün batırın gələcək arvadı ilə təkbətək görüşdə gücünü sınamasıdır. Bununla belə, «Koblandı-batır» dastanın da belə qədim süjet xətti xeyli dəyişikliklərə də məruz qalmışdır. Belə ki, bu yarışda Qarlıqa üzərində qələbəni Koblandı yox, onun oğlu Bokenbay qazanır. Bundan sonra çoxsaylı epizodlarda Qarlıqa öz sevgisi uğrunda mübarizələrdə iştirak edir. O, öz sevgilisinə yetişmək üçün Koblandını və Qaramanı zindandan azad etməklə onların qaçmasına müvəffəq olur. Yeri gəlmişkən qeyd edək ki, düşmən qızının əsir düşmüş qəhrəmana köməyi qədim epik ənənəsi üçün səciyyəvi haldır. Belə məqamlarla biz «KitabiDədə Qorqud», «Koroğlu» və «Alpamış» qəhrəmanlıq dastanları, «Yusif və Əhməd» və s. məhəbbət-romantik poemasında və s. rastlaşırıq. Burada biz ənənəvi süjetin «simptomları» ilə rastlaşsaq da, «Koblandı-batır» dastanında bu xəttin işlənməsi dərin psixologizmlərlə müşayiət olunmaqla, həllini tapmaqdadır. Koblandıya olan sonsuz məhəbbətini ifadə etmək üçün Qarlıqa atası Kobiktinin dəbilqəsindəki zəif yeri batıra göstərir və Koblandı həmin yeri nişan almaqla Kobiktini öldürür. Bundan başqa Qarlıqa Koblandıya onun Alşaqır xanla qələbə döyüşündə və digər düşmən batırlara qarşı vuruşlarında da yaxından kömək edir.


«Koblandı-batır» dastanının kompozisiyası və məzmunu, bədii ifadə vasitələri sistemi, şeir sətirləri, misraların təşkili və quruluşu qəhrəmanlıq dastanları üçün səciyyəvi olan ənənəviliyi əks etdirməkdədir.


Struktur baxımından dastan xronoloji ardıcıllığa malik olan bir sıra bitkin epizodlardan ibarət olmaqla vahid təhkiyə zənciri yaratmaqdadır.


«Koblandı-batır»da çoxsaylı şəkildə istifadə edilmiş bədii-obrazlı formullar qəhrəmanların müəyyən əhval-ruhiyyəsinin, halının, hissinin, vəziyyətinin verilməsinə xidmət etməkdədir. Təkrirlər təhkiyənin ekspressiyasını gücləndirməkdə mühüm rol oynayır. Məsələn, döyüş uğursuzluqları zamanı qəhrəmanın hissləri və həyəcanları, kədəri, qəm-qüssəsi obrazların çoxsaylı ağlayış-şikayətləri daimi təkrarlanan dövrə ilə xüsusi ekspressiya yaradır. Təkrirlər dastanda xüsusi emosional yükə malik olmaqla, bənzərsiz effekt ortaya qoyur.


«Koblandı-batır» dastanında dini anlayışlar, müqəddəslərə, pirlərə, ocaqlara, övliyalara, peyğəmbərlərə, Allaha müraciətlər nəzərəçarpacaq nidalarla zəngindir. Bu baxımdan dastanın qaraqalpaq qəhrəmanlıq dastanı «Qırx qız»la səsləşən xeyli məqamlarını görmək mümkündür. Qəhrəmanların poetik nitqində İmam Əli, Həzrət Əli, İxlas-ata, Şəşti Əziz, Qiyas, İlyas, Davud, Məhəmməd peyğəmbər, onun qızı Bibifatimə, Xuda və Allahın adına tez-tez rast gəlinir. Dastanda müsəlmanlıqla, müqəddəs kitabımız “Quran”la, onun ayələri, müsəlman adətənənələri ilə bağlı çoxsaylı məqamlar əksini tapmışdır. Bundan başqa ibadətlə, namazla bağlı, inanclarla əlaqəli anlayışlar molla, namazşam, namazdigər, Qeys-Kövsər və s. geniş istifadə olunması bu əsəri qazax etnik-milli təfəkkürünün orijinal örnəyi kimi dəyərləndirməyə imkan verir.


«Koblandı-batır»da işlənmiş xeyli ifadələr və ibarələr həm də sentensiya (nəsihət) xarakterlidir.


Dastanın kompozisiyasında mühüm yer tutan dialoji və monoloji nitq formalarından geniş istifadə olunmuşdur. Dastanın ifadəliliyini təmin edən mühüm elementlərdən biri də qazax xalq poeziyasının geniş imkanlarını nümayiş etdirən heca vəznindən, səs, ritmik quruluş, təkrirlərdən intonasiyadan istifadə, alliterasiya və assonansların uğurlu tətbiqi, strofalardakı tirada birləşmələrinin bacarıqlı tətbiqi onu qazax etnikmilli epik düşüncə tərzinin mühüm nümunəsi kimi qiymətləndirməyə əsas verir. Elə buna görə də «Koblandı-batır» dastanı qazax şifahi söz sənətinin nəzərəçarpacaq zənginliyini təmin etməklə, xalqın mənəvi varlığını yüksək şəkildə təcəssüm etdirən örnək kimi təbliğ olunmağa layiqdir.