Nağıllar, hekayələr

Elçin Əfəndiyev. Nənəm yaman hirsləndi

Bizim kəndimiz DAĞDADI. Biz də yayda getdik DAĞA.


DAĞ nə DAĞ!.. Elə xoşlayıram, elə xoşlayıram DAĞI!.. Meşələr, bulaqlar, yarğanlar... Bir də ki, bizim gözəlimiz kənd...


Nə yaxşı ki, biz bütün yayı qalacayıq DAĞDA!


Bir gün nənəm həyətdə ocaq qaladı. Yağı əritmək üçün qazana töküb ocağa qoydu.


Yağ əridi, qaynadı, DAĞ oldu.


Mən də qaçanda, az qaldı ayağım dəyə qazana, az qaldı DAĞIDAM yağı. Yaxşı ki, DAĞ YAĞ DAĞILMADI, məni də yandırmadı.


Nənəm yaman qorxdu, hirsləndi:


– Sənin ayağına, – dedi. DAĞ basacağam!


Amma mən bilirəm, nənəm məni çox istəyir, lap çox, çox istəyir, ayağıma DAĞ basmayacaq!..


Nənə elə deyir ki, mən eləcə qaçmayım, DAĞ yağı yerə DAĞITMAYIM! Axı, DAĞ yağ yandırar məni...