Şeirlər

Zahid Xəlil. Torağaylar oxuyur

Bahar gəldi, bahar gəldi,
Şəlalələr çəkdi haray.
Quşlar uçdu dəstə - dəstə,
Quşlar uçdu alay - alay.
Çöllər bahar həvəsiylə
Həzin - həzin səslənəndə,
Bir quş verdi torpağa hay.
Bunu görən başqa quşlar
Ona ad qoydu: “Torağay”!
İlk baharın gəlişinə
Torağaylar nəğmə dedi.
Torağaylar bu torpağın
Quşa dönmüş nəğməsidi...