Təbiət

Eynəkli ayı

Eynəkli ayı (Tremarctos ornatus) və ya And ayısı - Cənubi Amerikada rast gəlinən yeganə ayı növüdür. Kolumbiya, Ekvador, Peru, Boliviya və Çilidə, Şimali And dağlarında yayılmışdır.

 

Ayı, gözlərinin ətrafında olan ağ sarı halqalara görə «Eynəkli Ayı» adlandırılır. Bu məməli heyvan yox olmaq ərəfəsindədir və buna görə də Beynəlxalq Təbiəti mühafizə birliyinin Qırmızı kitabına daxil edilmişdir.

 

 

Təsviri

 

Eynəkli ayı Ursidae ailəsinə aid, orta ölçülü, yırtıcı ayı növüdür: bədəninin uzunluğu 150—180 sm, boyu 1,5 metrdır. Dişi fərdin çəkisi - 70-80 kq, erkək fərdin çəkisi isə - 140- 150 kq-dır.

 

Xəzi kömür-qara və ya boz-qara rəngdədir. Göz ətrafında, boğazdakı digər halqa ilə birləşən, ağ və sarı halqa var. Bəzi fərdlərdə isə ümumiyyətlə halqalar yoxdur. Sifətləri digər ayılara nisbətdə olduqca qısadır. Ayıların yaşadığı isti iqlim və qış yuxusuna getmədikləri üçün kürkləri olduqca nazikdir.

 

Bütün digər ayı növlərinin 14 cüt qabırğası olduqda, eynəkli ayıda 13-dür.

 

Heyvanın uzun, əyri və iti caynaqları var ki, onları dırmaşmaq və qarışqa yuvası və termit kurqanlarını qazmaq üçün istifadə edirlər. Ön ayaqları arxa ayaqlardan daha uzundur, bu da ağaclara dırmaşmağı asanlaşdırır. Ayı güclü çənəyə və ağac qabığı kimi sərt bitkiləri çeynəmək üçün iti dişlərə sahibdir.

 

 

Həyat tərzi və qidalanması

 

Eynəkli ayı tənha həyat tərzi keçirir və gizləndiyi yerlərdən əsasən alaqaranlıqda və gecələr çıxır. Gündüzlər mağaralarda, ağac kökləri altında və ya ağac gövdələrində gizlənir. Ağaclarda qida axtarmağa çox vaxt sərf edən canlıdır. Onların sağ qalması əsasən And dağlarının ən hündür meşələrinə dırmaşmaq qabiliyyətindən asılıdır. Ağacın başında ayı sınmış budaqlardan qida üçün platformalar qurur və onlardan qida əldə etmək üçün istifadə edir.

 

Eynəkli ayılar tənha yaşasalarda, müəyyən əraziyə sahib olurlar. Yemək uğrunda rəqabətdən qaçmaq üçün qruplarda yaşamırlar. Başqa bir ayı və ya insanla qarşılaşdıqda, təhlükə hiss etdikdə və ya balaları təhlükə altında olarsa, ehtiyatlı, lakin aqressiv reaksiya verirlər.

 

Eynəkli ayı yalnız cütləşmə dövründə cütü ilə yanaşı görünür.

 

Az səs salan ayıdır, yalnız başqa bir ayı rastlaşanda səs çıxarır.

 

Qida rasionu

 

Eynəkli ayı əsasən hər şey yeyən heyvandır. Meşələrdə yetişmiş meyvələr, giləmeyvə, kaktus və bal toplayırlar. Yetişmiş meyvələrin olmadığı vaxtlarda bambuk, qarğıdalı və bromeliadlarda bitən epifit bitkiləri yeyirlər. Belə düşünülür ki, Böyük pandalardan sonra ən çox ot yeyən növ Eynəkli ayılardır. Onlar bəzən hündür ağaclara çıxaraq meyvələri dərir və yerdə onları yeyirlər. Bəzi ərazilərdə qarğıdalı zəmilərinə zərər vururlar. Onlar qısa burunları ilə qarışqa və termit yuvalarını dağıdaraq orada olan həşəratları yeyirlər.

Eynəkli ayıların Quanako və Vikunyalara hücümü belə olur. Leş yeməkdən iyrənmirlər. Zaman-zaman onlar qida rasionunu - həşəratlar, gəmiricilər və quşlarla tamamlayırlar, lakin bu onların qida rasionunun 7%-ni təşkil edir.

 

Çoxalması

 

Tropik ayılar il boyu çoxalırlar, lakin cütləşmə əsasən aprel-iyun aylarında baş verir. Yetkinlik yaşına çatır və 4-7 yaşlarında nəsil verirlər. Dişi 2-3 ildən bir 1-2 bala dünyaya gətirir. Hamiləlik 6-7 ay davam edir. Dişi doğuşdan əvvəl özünə yuva qurur. Yeni doğulmuş eynəkli ayı balasının çəkisi 300-360 qr. olur. Balalar digər ayı növlərinə nisbətən daha tez inkişaf edir və 8 aylıq olanda tamamilə müstəqil olur və anasını tərk edə bilirlər.

 

Eynəkli ayının ömrü təbiətdə 25 il, əsirlikdə isə 35 ildir.