Bu maraqlıdır!

Hippokrat andı

Həkimlik olduqca çətin, həssas və maraqlı peşədir. Təbii ki, tibbi biliklərin elmi təhlili və bəşəriyyətin mövcud olduğu dövrdə topladığı böyük təcrübə olmasaydı, müasir təbabətin inkişafı qeyri-mümkün olardı. Bu peşənin sahibləri birbaşa insan sağlamlığının qarantı rolunda çıxış edirlər. İnsan taleyinin asılı olduğu bu sahənin adamlarının vicdanlı olması birmənalıdır və müzakirə predmeti ola bilməz. Vicdan anlayışı əhatəli olduğundan, bu peşə adamlarına bu konteksdə daha çox lazım olan keyfiyyətləri sadalamağda fayda var: savad, bacarıq, insanlıq, ümumilikdə peşəkarlıq… Həkimlər qədimdən bəri sadaladığımız bu keyfiyyətlərə sahib və sadiq olacaqlarına and içirlər. 


Hər il dünyada, eləcə də Azərbaycanda həkim olmaq istəyən yüz minlərlə tələbə "Hippokrat" andı içir. Bəs adını əsrlər keçsə də hamının əzbər bildiyi bu həkim kim olub?


Hippokrat kimdir?


"Vita brevis, ars vero longa, occasio autem praeceps, experientia fallax, judicium difficile".


"Həyat qısadır, sənət əbədidir, şans keçicidir, təcrübə aldadıcıdır, mühakimə isə çətindir". Bu sözlər "Tibbin atası" adlandırılan əfsanəvi qədim yunan alimi Hippokrata məxsusdur.


Hippokrat eramızdan əvvəl 460-cı ildə (e.ə. 5-4-cü əsrlər) Yunanıstanda, Kos adasında anadan olmuşdur. Qədim təbabətin islahçısı Afinada təhsil alıb və təhsilini başa vurduqdan sonra loğman həkimliklə məşğul olub. Hippokrat çoxlu səyahət etmiş, digər loğmanların təcrübəsini toplamış, həm də öz kəşflərini və bacarıqlarını fəal şəkildə yaymışdır. Xəstəni əlləri ilə müayinə edə, döş qəfəsini və qarın boşluğunu dinləyə, diaqnoz üçün sidik və nəcisin rəngini və qoxusunu öyrənmişdir. O, özündən sonra zəngin irs qoymuşdur. 60-a yaxın nəzəri traktat müəllifi olmaqla bərabər, praktiki bacarıqlar toplusunda pəhriz və sarğı növlərindən tutmuş tibbi cihazlara qədər, həmçinin, həkimlərin həm xəstələrlə, həm də həmkarları ilə davranışının praktik normalarını qeyd etmişdir.

Həkimin bu etik kodeksi "Hippokrat andı" adlandırılmışdı.

 

Hippokrat andı nədir?


"Hippokrat" andı - həkim davranışının əsas mənəvi-etik prinsiplərini özündə əks etdirən, həmçinin həkim olmaq istəyən hər kəsin qəbul etdiyi ümumi anddır.


Andda yazılan sözləri təqdim edirik:


“Apollona – loğman Asklep, Higeya və Panakeya və bütün tanrıların şahidliyində and içirəm ki, verdiyim sözə və götürdüyüm öhdəliklərə gücüm və dərrakəm çatdığı qədər əməl edəcəyəm: bu sənətdə müəllimimi valideynlərim kimi tanıyacağam, qazandığımı onunla bölüşəcək və ehtiyaclarında ona köməkçi olacağam; onun övladlarını özümə qardaş bilib, öyrənmək istədikləri təqdirdə onlara bu sənəti bir ödəniş və ya sənəd almadan öyrədəcəyəm; şifahi dərsləri və təbabət biliklərini öz və müəllimim övladlarına və ancaq təbabət qaydalarına sadiq və həkim andı içən şagirdlərimə öyrədəcəyəm. Bunlardan başqa bir kimsəyə öyrətməyəcəyəm. Gücüm çatdığı qədər müalicəmi heç bir vaxt pislik üçün deyil, kömək üçün istifadə edəcəyəm.


Məndən istifadə üçün zəhər istəyənə onu verməyəcəyim, belə bir hərəkət tərzini belə tövsiyə etməyəcəyəm. Bunun kimi bir hamilə qadına uşaq salması üçün kömək etməyəcəyəm. Həyatımı, sənətimi tərtəmiz bir şəkildə istifadə edəcəyəm. Sidik kisəsi daşından əziyyət çəkənləri yarmayacaq və onları bu işlə məşğul olanlara həvalə edəcəyəm. Hansı evə daxil olaramsa, ancaq xəstənin xeyrini düşünəcəyəm, qəsdli olan bütün pisliklərdən qaçacağam, istər azad, istər kölə olsun, kişi və qadınların bədənini sui-istifadə etməkdən çəkinəcəyəm. İstər sənətimin icrası, istərsə də sənətim xaricində insanlarla münasibətdə baş verənləri, görüb eşitdiklərimi bir sirr olaraq saxlayacağam və kimsəyə açmayacağam. Andıma sadiq olaramsa qoy həyatımda və sənətimdə nəsibim xoşbəxtlik və insanların rəğbəti, olmaramsa bunun əksi olsun”.


Hippokrat andında deyilir ki, hansı evə daxil olacamsa, ancaq xəstənin xeyrini düşünəcəm. Kişi və qadınların bədəninə sui-istifadədən çəkinəcəm, insanların bütün xəstəliklərini bir sirr olaraq saxlayacam və s. Andın sonunda həkimlər bu anda sadiq qalmayacaqları təqdirdə Allahdan özlərinə bədbəxtlik arzu edirlər. Andın tam mətni ilə tanış olduğumuz zaman görürük ki, Hippokrat öz peşəsini necə də müqəddəs sayırmış. 


Hippokrat andı necə qəbul edilir?


Andiçmə mərasimi bir növ ritual olsa da, məcburidir. Universitetin məzunları bu andı həm sözlü qəbul edirlər, qəbul etdikdən sonra himn səslənir. Çünki bu sanki bir dövlət tədbiri kimi qəbul olunur. Daha sonra hər bir məzun həkimlik adına imza atmalıdır. Və onun diplomunda da imza atdığı gün göstərilir ki, həkim andını bu tarixdə qəbul etmişdir. O da möhürlənir və həkim andının imzalanmış nüsxəsi onun şəxsi işində arxiv qaydalarına görə 75 il saxlanılır.


Bununla belə, Hippokrat andı harada içilməsindən, hansı şəraitdə, hansı ssenari ilə söylənməsindən asılı olmayaraq, dünyanın bütün guşələrində yaşayan gələcəyin həkimlərini  - dünyanın ən humanist hissi ilə bir-birinə bağlayır. 


Beləliklə, əsas olaraq, Hippokrat andı 9 etik öhdəlikdən ibarətdir:


- müəllimlər, həmkarlar və tələbələr qarşısında öhdəliklər;


- zərər verməmək prinsipi;


- xəstəyə yardım göstərmək öhdəliyi (mərhəmət prinsipi);


- xəstənin xeyrinə və xəstənin üstünlük təşkil edən maraqlarına qayğı prinsipi;


- həyata hörmət prinsipi və evtanaziyaya mənfi münasibət;


- həyata hörmət prinsipi və aborta mənfi münasibət;


- xəstələrlə yaxın münasibətdən çəkinmək öhdəliyi;


- şəxsi təkmilləşdirməyə sadiqlik;


- tibbi sirr (məxfilik prinsipi).


İlkin mənbələrin yarandığı vaxtdan bəri and mətni dəfələrlə yeni dillərə tərcümə edilmiş, redaktəyə məruz qalmış, mənası əhəmiyyətli dərəcədə dəyişdirilmişdir.