Şeirlər

Hökumə Billuri. Xəzərim

Mənim gözəl dənizim,

Doğma Xəzərim mənim

Ömrü neçə əsrlik

Sənət əsərim mənim.

 

Sinəndəki buruqlar

Ürəyimə dayaqdır.

Sayıq keikçilərtək

O həmişə oyaqdr.

 

Bakının qucağında

Bir anasan, ey dəniz.

Bir övladsan-vəfalı,

Bir sonasan, ey dəniz!

 

Bir dənəsən dünyada

Dəryalar sənə məftun.

Sənin göy sularına

Məftunam, yenə məftun.

 

Mənim gözəl Xəzərim,

Suların inci kimi.

Yaşayır ürəyimin

İtməz sevinci kimi.

 

Mənim gözəl Xəzərim,

Sənin göy sularında

Ürəyim var, gözüm var.

Sənə qəlbimdə hələ

Deyilməmiş sözüm var.

 

Çöllər, bağlar solacaq,

Meşələr solacaqdır.

Günəş kimi, camalın

Dəyişməz qalacaqdır.

 

Məni xatırlayarsan

Sahillər birləşəndə,

Bir ürəkdə min arzu,

Min istək yerləşəndə...

 

Xeyir-dua ver mənə,

Anam Xəzər, can Xəzər.

Ey hər qətrəsi dərman,

Mirvari, mərcan Xəzər.

 

Aç mənim yelkənimi,

Gözü yolda qalan var.

Xəzər arxamca çilə,

Göy dalğalar, göy sular.