Pinqvin Trolo və sehrli buz
Bir gün pinqvin Trolo dünyanı gəzməyə qərar verdi, amma haradan başlayacağını bilmirdi.
- Bəs arzumu necə həyata keçirə bilərəm? - Trolo öz-özünə düşündü və kədərlə uzaqlara baxdı.
- Mən sənə kömək edə bilərəm! - birdən Trolo tanımadığı bir səs eşitdi, gözlərini aşağı saldı və üzərində dayandığı buz parçasının onunla danışdığını başa düşdü.
- Axı sən mənə necə kömək edə bilərsən?- Pinqvin daha da təəccübləndi.
-Mən səni okeanın o tayına istənilən istiqamətə apara bilərəm! - buz parçası sevinclə dedi.
- Əla olardı! Mən razı! Təşəkkür edirəm!
- Onda möhkəm tutun, kapitan, üzdük! – buz dedi - İlk olaraq hara getmək istərdin?
- Mən həmişə okeanın o tayında nə olduğunu görmək arzusunda olmuşam. Ona görə də qarşı sahilə çatana qədər düz üzməliyik! - Trolo cavab verdi.
Uzun müddət pinqvin sehrli buz parçasının üzərində oturdu, lakin sahil hələ də görünmürdü.
-Niyə yol bu qədər uzundur? Axı getmək istədiyimiz sahil bizim sahildən yaxın görsənir!? - Trolo narahat halda soruşdu.
-Sənin gördüyün sahil deyil, üfüqdür! Sən tam olaraq üfüq xəttini görmüsən! Bizim sahildən okeanın o biri tayındakı sahili görmək mümkün deyil, çünki okean nəhəngdir!
Pinqvin və sehrli buz parçası, qarşı sahilə çatana qədər daha çox gündüzlər və gecələr üzdülər və, nəhayət, gəlib arzuladıqları yerə çatdılar. Onlar okeanın o biri tayında çiçəklər və kəpənəklərlə örtülmüş misli görünməmiş gözəl bir torpaq gördülər.
- Necə də gözəldir! - Trolo heyranlıqla qışqırdı.
- Görürsən, bura heç soyuq deyil, ona görə də hər yerdə çiçəklər və kəpənəklər var! – buz dedi.
- Bura çox gözəldir! – Trolo heyranlıqla qışqırmağa davam etdi.
- Ancaq burada sənin üçün isti olacaq - buz davam etdi.
- Həqiqətən, pinqvinlər üçün bir az istidir - deyə Trolo cavab verdi və buz parçasının əridiyini görüb dəhşətə gəldi.
- Tələsməsək, mən tamamilə əriyəcəm və sən evə gedə bilməyəcəksən!
Pinqvin çiçəklərə və kəpənəklərə baxmaqdan doymamışdı deyə, buzu ciddiyə almayıb, heyranlıqla ətrafına baxmağa davam etdi. Bu müddət ərzində isə buz tamamilə əriyib suya döndü. Trolo dəhşət içində qışqırdı və nə edəcəyini düşünməyə başladı.
Birdən sahildə kiçik yaşıl vedrə gördü. Pinqvin tez onu götürüb içərisinə buz parçasının ərimiz suyunu doldurdu. O, suyun yenidən buza çevriləcəyi arzu ilə bunu etdi!
Bir qədər sonra, Trolo uzaqda delfin sürüsünü görüb çox sevindi. Onlara əl yelləyib səslədi. Delfinlərdən biri sürüdən ayrılaraq pinqvinin yanına gəldi və onu belinə mindirib evinə qayıtmasına kömək etdi.
Yolun yarısında delfini qoca suiti əvəz etdi. Suiti də Trolonu belinə mindirib yoluna davam etdi. Onlar evə yaxınlaşdıqca, bir o qədər soyuq havanı hiss etdilər. Beləliklə, vedrədəki su donmağa başladı və buz yenə əvvəlki vəziyyətinə qayıtdı. Buz vedrədən atladı okeana və pinqvinlə salamlaşıb onu yenidən üstünə götürdü.
Tezliklə Trolo və sehrli buz parçası evə qayıtdılar. Axı, harada olursanız olun, öz evində olmaq həmişə daha yaxşıdır!
29.04.2022