Şeirlər

Musa Yaqub. Qoca vələs

Budaqları yorğun düşən,
Yarpağına qırğın düşən,
Gövdən düyün, para-para,
Qabığında balta yeri köhnə yara,
İçin qalay, çölün bürünc,
Sonuncu səs, axır nəfəs,
Qoca vələs!

 


Bəs hardandı səndə bu güc? -
Bizə mətləb anlatmısan,
Kökün üstə kök atmısan,
Hər şivin bir ağac olub,
Pöhrən qulac-qulac olub -
İmana bax, amana bax
Güvəndiyim gümana bax.

 

 

Taqor deyir,
Hər doğulan təzə uşaq -
Tək Allahın hələ bizə -
İnsanlara inanmağı
Deməkdir bu,
Yəni insan tərəfində
Dayanmağı deməkdir bu -
Bu kəlama qulaq asdım,
Ürəyimə səni yazdım,
Qoca vələs!

 

Vuran insan, qıran insan..
Amma yenə
İnsanlara inanmısan,
Bu inanca görə sağ ol!
Şiv ağaca görə sağ ol!
Sən deyirsən:
- Mən gedirəm,
Qalanlara salam olsun!
Mən deyirəm:
- Kök üstə kök
Salanlara salam olsun!
Sən deyirsən:
- Qırğınlara xitam verən
Mişarlara, baltalara
Dəhrələrə salam olsun!
Mən deyirəm:
- Bizə qalan bu şivlərə, pöhrələrə,
Qızılyarpaq çöhrələrə
Salam olsun!
Pöhrənəfəs, yaşılhəvəs
Qoca vələs!


        
Meşəmizin qoca yaşı,
Yurdun ulu vətəndaşı,
Ömür keçir, gün əriyir,
Doymaq olmur bu dünyadan,
Tamaşadır bu dünyanın işi qərəz
Qoca vələs! Qoca vələs!