Dastanlar

Qandal Nağı dastanı

Qaçaq hərəkatı ilə bağlı epik örnəklərdəndir. Qaçaq dastanları xalqın qəhrəmanlıq tarixidir.

 

XIX əsrin 60-cı illərindən başlayaraq sadə xalq kütlələri arasında rus çarizminə, onun məmurlarına qarşı narazılıqlar başlayır. Qaçaqlar da həmin narazı xalqın nümayəndələri idi. Silaha sarılıb çar məmurlarına və yerli zülmkarlara qarşı mübarizəyə başlamışdılar.

 

Qandal Nağı da həmin silaha sarılan xalq qəhrəmanlarından idi. Dastanda göstərilir ki, Hacı İsaxan Qandal Nağını o qədər işlədir ki, Nağı gecələr yata bilmir. Yemək üçün isə bir tikə çörək verir. Qandal Nağı dolanma ucbatından bütün narazılıqlara dözür. Hətta iş o yerə çatır ki, ağası onun aylıq haqqını belə vermək istəmir. İllər ötür, əlacı kəsilən Qandal Nağı əlinə fürsət düşən kimi Ceyrançöldə Hacı İsaxanın sürüsünü aparıb bazarda satır. Öz haqqını götürdükdən sonra qalanını kasıblara paylayır.

 

Bundan sonra Nağı təqib olunur və qaçaqlığa başlayır. Qandal Nağı adı ilə məşhurlaşır. Haqqında əhvalatlar danışılır, nəğmələr qoşulur. Son olaraq haqqında “Qandal Nağı” dastanı yaranır.

 

O, tarixi şəxsiyyət olmuş, 1864-cü ildə Tovuz rayonunun Qaraxanlı kəndində yoxsul ailədə anadan olmuşdur. Varlı yanında nökər işləmişdir. Ağasının təhqirinə dözməyib, ondan intiqam alan Nağını həbs edib sürgünə göndərirlər. Bir nəfər rus maşinistinin köməyi ilə əliqandallı sürgündən qaçır. Dərbəndə gəlir və oradan da öz kəndlərinə qayıdır. Ağır döyüşlərdə iştirak edir. 1916-cı ildə Gəncə ətrafında vuruşmada öldürülür. Aşıqlar onun qəhrəmanlığını əks etdirən nəğmələr qoşmuş, dastan yaratmışlar. Xəyyat Mirzənin Qandal Nağı ilə bağlı dastanı vardır. Başqa bir variant isə Aşıq Məhəmməd Rzayevdən yazıya alınmışdır.