Şeirlər

Zahid Xəlil. Sünbül

İki balaca siçan
Bir buğda tapdı yoldan.
Baxdılar xeyli səssiz:
- Bunu necə bölək biz?


Biri söylədi: - Sən böl!
O biri dedi: - Sən böl!
“ Sən böl” - deyib coşdular,
“ Sən böl” deyib qaçdılar.


Elə tələsmişdilər,
Yel kimi əsmişdilər.
Unutmuşdular çoxdan,
Çöldə qalmışdı buğda.

 

 

- Bəs hanı noğul buğda?
Onlar isti otaqda
Düşündülər bu haqda.


Hanı, qızılı muncuq,
Burnu şiş, özü arıq,
Hanı o qarnıyarıq?!
Hardadı sənbölümüz


- O oyanda qaldı Sənböl!
- Bu yanda qaldı Sənböl!
Hayanda qaldı Sənböl?! 


Ana coşdu, nə coşdu
Siçanlardan soruşdu:
- Ay çil, nə tapmışdınız,
Ay şil, nə tapmışdınız.


Şil söylədi ki, “Sənböl”
Çil söylədi ki, “Sənböl”.
Qalıb torpağın altda
“ Sənböl ” cücərib qalxdı.


Qalxıb yaşıldon oldu,
Buğdası on – on oldu.
Gəlib çıxdı siçanlar
Onu qoyub qaçanlar:


- Bu ki, bizim “ Sənböldü ”
Görməmişik bir ildi.
Ana görüb sünbülü,
Onlara bərkdən güldü.


- Ay canım, “Sənböl” nədi
Bu ki, sarı buğdadı,
Çörək bişəndə ondan
Bilirsiniz nə dadır?!


Ana dedi: - Buğdadı,
Onlar “Sənböl” dedilər.
Sonra necə oldusa
Ona sünbül dedilər. 


Görün necə boy atıb
Başı günəşə çatıb.
Dövrəsində siçanlar
Oynadılar, çaldılar:


- Ayağı düz sünbülüm,
Saçı biz – biz sünbülüm,
Çoxlu – çoxlu dən gətir,
Sevinək biz, sünbülüm.