Nağıllar, hekayələr

Dənizin sevinci

Soyuq bir payız günü idi. Dəniz məktəbdən qayıdırdı. Evə tez çatmaq istəyirdi. Həyətə yaxınlaşanda iniltiyə bənzər, zəif bir səs eşitdi. Dayandı. O yan-bu yana baxdı. Elə bir şey görmədi. Getmək istəyirdi ki, səs yenidən eşidildi. Dinlədi. Səs balaca kolun dalından gəlirdi. Tez kola yaxınlaşdı. Səhv etməmişdi. Burada balaca bir pişik balası büzüşüb tir-tir əsirdi. O, çox zəif idi, səsi güclə çıxırdı. Dəniz başa düşdü ki, pişik balası acdır, bir tərəfdən də soyuq...

 

Dəniz fikirləşmədən pişik balasını götürdü. Evə qaçdı. Çatan kimi onu yedirtdi, otağında pişiyə yer düzəltdi. Balaca pişik qorxa-qorxa qızın üzünə baxırdı. Dənizin ona yazığı gəldi. Qız səbirsizliklə anasının işdən qayıtmasını gözlədi. Görəsən, anası pişiyi evdə saxlamağa icazə verəcəkmi?


Qapının açıldığını hiss edən Dəniz tez anasının qabağına yüyürdü. Qönçə xala qızını öpdü. O, Dənizin həyəcanlı və narahat olduğunu duydu. Diqqətlə qızının gözlərinə baxdı.

 

Dəniz olanları anasına danışdı. Ancaq pişik balasını evə gətirdiyini demədi. Qız yalvarıcı baxışlarla anasına baxaraq:

 

-Anacan, mənim pişik balasına yazığım gəlir, - dedi. Yəqin, o, anasın itirib. Bayırda da soyuqdur. İcazə verərsən, mən onu hələlik evə gətirim? Havalar istiləşəndə aparıb onu götürdüyüm yerə qoyaram.

 

Anası Dənizin xahiş dolu baxışlarına təbəssümlə cavab verdi. Dəniz anasının boynuna sarıldı. Onun üz-gözündən dönə-dönə öpdü. Tez otağına qaçdı. İsti parçaya bükdüyü balaca pişiyi gətirdi.

 

Qönçə xala Dənizin nə üçün belə etdiyini başa düşsə də, ona heç nə demədi. Dənizin qucağındakı pişiyi sığalladı, sonra qızını bərk-bərk bağrına basdı. Ana qızından razı qalmışdı.