Təbiət

Alqırmızı Sarkostsifa göbələyi

İlk yaz göbələklərindən biri də Alqırmızı Sarkostsifadır (lat. Sarcoscypha coccinea). Xalq arasında göbələyə - “Nənənin qulağı”, “Qırmızı kasa”, “Elf fincanı” da deyilir. Göbələk geniş areallarda yayılmışdır, lakin kiçik ölçüsü, qəribə forması və erkən meyvə vermə vaxtı səbəbindən az tanınır. Bu arada, göbələk xoş bir tama malikdir, asanlıqla bişirilir və eyni zamanda masada gözəl və qeyri-adi görünür.


Göbələk, demək olar ki Afrika, Asiya, Avropa, Şimali və Cənubi Amerika və Avstraliya da daxil olmaqla bütün dünyada yayılmışdır.


Alqırmızı Sarkostsifa - qrup şəklində əsasən yazda (bəzən fevralda), qar əridikdən sonra çürümüş ağac gövdələrində və budaqlarında, torpağa batmış ağacların üzərində və digər bitki qalıqlarında bitir.


Bu göbələk adətən yarpaq və ya torpaq təbəqəsi ilə örtülmüş saprofit göbələkdir. Kasavari askokarp (Ascomycota göbələklərdə görünən, spor kisələri (askus) və askosporlar əmələ gətirən müxtəlif formalı sporlaşma orqanıdır) qışın və yazın sərin aylarında görünür.


Göbələyin daxili hissəsi al qırmızı, xarici hissəsi isə parlaq ağ rəngdədir. 1,5-5 sm diametrli kiçik kubokşəkilli papaqcığı - lətli, üstü parlaq qırmızıdır, gövdəsi (kötükcüyü) - 1-2 sm hündürlükdə, ağımtıl, diametri yarım santimetrdir. Lövhəciyi isə yumşaq və az aromalıdır.


Bəzi xalqların mətbəxində qida kimi geniş istifadə olunur. Əsasən qızardılmış və bişmiş formada yeyilir. Göbələkdə dad və qoxu zəif ifadə olunur.


Müxtəlif nəşrlərdə Sarcoscypha coccinea fərqli olaraq təsnif edilir: həm yeməli, həm də zəhərli. Buna görə də, belə demək mümkünsə, duzlu suda 10 dəqiqə əvvəlcədən qaynatmaq tövsiyə olunur. 


Əslində Sarkostsifa - bir növ ekoloji göstəricidir. İri sənaye şəhərləri və nəqliyyatın sıx olduğu avtomobil yolları yaxınlığında bitmir.


Avropada Sarkostsifanın gövdəsindən bəzədilən səbətlər hazırlamaq və satmaq dəb halını alıb.