Görkəmli şəxsiyyətlər

Qədim yunan filosofu Miletli Fales

Miletli Fales (e.ə. 625-547) - qədim yunan filosofu, fizik, riyaziyyatçı, ümumiyyətlə Avropa fəlsəfəsinin və elminin banisi, Milet (İon) fəlsəfə məktəbinin yaradıcısıdır.

 

Riyaziyyatçı eramızdan əvvəl VI əsrin ikinci yarısında anadan olub.  Bəzi mənbələrə görə, Kiçik Asiyada yerləşən Milet şəhəri Falesin doğulduğu yer olub, digər mənbələrdə bu fakt təkzib edilir, belə ki, filosofun ailəsinin Finikiya kökənli olduğu və gənc Falesin məhz yetkinlik çağında Miletdə boya başa çatdığı güman edilir.

 

Fales öz dövrünün ən bilikli adamlarından biri hesab edilirdi. O, bir çox ölkələrə səfərlər etmiş, öz dünyagörüşünü genişləndirmişdir. Buna görə də o, öz biliklərinin əsasında dünyanın yaranması və quruluşu haqqında düşüncələrini irəli sürə bilmişdir. Filosof daşqınların səbəblərini müəyyən edə, Misir piramidalarının hündürlüyünü hesablaya, məhsuldar və quraqlıq olacaq illəri, günəş tutulmalarını proqnozlaşdıra bildi.

 

Falesin yunan fəlsəfəsinin əsasını qoyduğuna inanılır. Alimin ideyalarından təkcə qədim filosoflar deyil, sonrakı dövrlərin mütəfəkkirləri də istifadə etmişlər. Fales Aristotelin zamanından etibarən ilk yunan filosofu hesab edilir. Onun "Yeddi yunan müdriklərdən" biri olduğunu iddia edənlər belə var.

 

Falesin yazıları, əsərləri dövrümüzə qədər gəlib çatmayıb, lakin Aristotel “Metafizika” kitabında onu ilk “İon filosofu” adlandırır. Fales haqqında Platon özünün «Taetetus» adlı dialogunda onun ulduzlu səmanı araşdırdığını və diqqətlə göy üzünü izlədiyini və bir gün yolla gedərkən, ulduzlara baxdığı üçün yolda açılmış çuxura düşdüyünü qeyd edir. Bu zaman yaxınlıqda olan Tarkiyalı xidmətçi qız Falesi burnunun ucunda olanı görməyib göylərə baxmağa çalışan dəli olduğunu deyir.

 

Filosofun fikrincə, Yer kürəsində yaşayan bütün canlılar – “su”dan yaranmışdır. Alim “su”yu - ağıllı, ilahi güc kimi görürdü. Müdrikin nəzəriyyəsinə görə “su” - dörd elementdən biri olan qeyri-adi bir maddədir; planetimizdə yaşayan bütün canlılar su strukturunun bərkiməsi və ya donması nəticəsində sudan əmələ gəlir: Element qalınlaşdıqda torpağa, buxarlananda isə havaya çevrilir; Eyni zamanda, reallıqda mövcud olan hər şey bir-birinə bağlıdır və ruha sahibdirlər. Məsələn, maqnit dəmiri özünə cəlb etdiyi üçün onun da ruhu var. Bu iddiaya qədim Misir miflərində də rast gəlinir. Ona görə də tədqiqatçılar hesab edirlər ki, Fales qədim Mesopotamiya və Misir dünyagörüşü və elmindən geniş istifadə etmişdir. Aristotelin fikrincə, onun bu fikri müşahidələrinə əsaslanırdı. Hər varlıq, yəni hər bitki yaş substansiyalarla bəslənir, hər şeyin ya toxumu ya da filizi yaşdır və nəmə ehtiyacı vardır. Nəhayət su donub bərkiyərək, ya da buxarlaşaraq hər şeyi yaradır, torpaq belə suyun ya yatağı ya da toplandığı yerdir. Fales maddəni (hyle) onun içərisində var olan və onu canlandıran bir qüvvə ilə (zoe) birlikdə qəbul edirdi. Ona görə də ilk materialistlərin fəlsəfəsinə hilozoizm deyilir. Fales “hər şey tanrılarla doludur” fikri də maddəyə yalnız maddənin özü tərəfindən can veriləcəyi fikrinə əsaslanır. Hərəkətin səbəbi də xarici təsir deyil, birbaşa maddənin içərisindədir.

 

Alim, tanrını - mifoloji Zevs deyil, “ağıl”ı, “idrak”ı adlandırmışdır. Bu fikirdə alimlər bu gün idealizm fəlsəfəsinin başlanğıcını görürlər.

 

Falesin fikrincə yer yastıdır və suyun üzərində durur, o hər tərəfdən su ilə əhatələnmişdir. Kainatda hər şey suyun buxarlanmasından yaranır. Suyun və ondan yaranan şeylərin həyatverici ruhu vardır, onlar ölü deyildirlər. Bunu əsaslandırmaq üçün Fales maqnitin dəmiri özünə doğru çəkməsini örnək kimi göstərirdi. Bu fikir sonralar hilozoizm (maddi aləmin canlı olması) adlandırılmışdır.

 

Fales ilk dəfə olaraq ay işığının əslində günəş şüalarının yansıması (əks olunması) olduğunu iddia etmişdir. O həm də, günəşin tutulmasının səbəbi kimi ayın onun qabağına keçməsini göstərmişdir. O, həndəsə elmində Fales teoremi adlanan qanunauyğunluğu kəşf etmişdir.

 

Falesin riyaziyyat sahəsindəki ən mühüm xidməti: nəzəri elementar həndəsənin ilk prinsiplərinin Misirdən Yunanıstana köçürülməsi hesab olunur: Vertikal (şaquli) bucaqlar bərabərdir; Bərabəryanlı üçbucağın əsasındakı bucaqlar bərabərdir; Üçbucaq tərəfləri və iki bitişik küncləri ilə müəyyən edilir; Diametr dairəni iki bərabər hissəyə bölür.

 

Falesin günəş təqviminin 365 gün olduğunu və yaz və qış gündönümlərinin vaxtlarını müəyyən edən ilk şəxs olduğu hesab edilir. İrəlidə baş verəcək zeytun bolluğunu daha əvvəlcədən müəyyən edərək bütün zeytun dəyirmanlarını ucuz qiymətə kirayələmiş və bunun nəticəsində də çoxlu var dövlət qazanmışdı. Bu səbəblə Aristotel Falesin timsalında filosofların istərlərsə zəngin ola biləcəklərini qeyd edir.