Bu maraqlıdır!

Niyə qadınlar şahmatı kişilərdən daha pis oynayır?

İntellektual idman növü olan “Şahmat” - dünyada geniş yayılan populyar oyun olmaqla böyük izləyici kütləsinə malikdir. 


Şahmat oğlanlar arasında qızlardan 10 dəfə daha populyardır. Dünyanın ən yaxşı oyunçuları olan qrossmeysterlərin yalnız 1%-i məhz qadın şahmatçılar təşkil edir. Qadın şahmatına dair aparılan bir sıra araşdırmalar görstərib ki, kişilərin oyunda üstünlüyü - iştirak (say) statistikası ilə əlaqəlidir. Belə ki, XIX -cu əsrin ortalarına qədər bir qadının şahmat turnirində və ya klubda oynadığını təsəvvür etmək demək olar ki, mümkün deyildi. Səbəb qadınların şahmat oynamaq istəməməsində deyil, məhz bütün turnir iştirakçılarının sırf kişi olmasında və qadınların şahmat klublarına yalnız tamaşaçı qismində buraxılmasında gizlənirdi.

 

Regional həvəskarlar səviyyəsində ilk qadın turniri 1884-cü ildə baş tutub və qadınlar peşəkar beynəlxalq arenaya yalnız 1927-ci ildə, qadınlar arasında şahmat üzrə ilk dünya çempionatı keçirildiyi zaman buraxılıb. Müqayisə üçün: kişilər arasında şahmat üzrə ilk dünya çempionatı 1886-cı ildə - təxminən 50 il əvvəl keçirilib. Kişilər peşəkar səviyyədə şahmat üzrə dünya çempionu titulu (və layiqli mükafat fondu) uğrunda mübarizə apararkən, qadınlar həvəskar şahmat yarışlarında iştirak etməyə təzəcə başlayırdılar. İlk illərdə qadınlar üçün turnirlər nizamsız və uzun fasilələrlə keçirilirdi.


FİDE reytinqinin məlumatına görə, qadınlar arasında aktiv şahmatçıların sayı hələ də ümumi oyunçuların 15%-dən bir qədər çoxdur (2021-ci ilin oktyabrına - 1 027 144 oyunçu), üstəlik, qadın şahmatçıların sayında hələ də artım müşahidə edilmir.


Rusiyada anadan olan Çex və ingilis şahmatçısı Vera Mençik tarixdə ilk dünya çempionu adını qazanan qadın olub. Vera Mençik rəqiblərini əhəmiyyətli dərəcədə üstələməyi bacarıb və tez-tez kişilərin turnirlərində də çıxış edib. O dövrün məşhur şahmat ustaları, Maks Eyve, Frederik Yates, Reşevskiy, Corc Tomas üzərində qələbələr qazanıb. 1944-cü ildə 38 yaşlı şahmatçı Londonun bombalanması zamanı həlak olmasaydı bəlkə də nailiyyətləri daha çox olardı.


Yalnız bir qadın kişilərlə bərabər dünyanın ən yaxşı 10 oyunçusu arasına daxil ola bilib. Bu yəhudi ailəsindən olan macar Yudit Polqardır. Yudit Polqar 15 yaşında ikən dünyanın ən gənc qrossmeysteri adını alaraq, Bobi Fişerin rekordunu bir ay təzələməyi bacarıb. Atası ona və bacılarına şahmatı hələ evdə ikən körpə yaşlarında öyrətməyə başlayıb. Atası bütün dünyaya sübut etmək istəyirdi ki, uşaqlar çox erkən yaşda şahmat öyrənməyə başlasalar, daha çox uğur əldə edə bilərlər. Yudit hələ də bütün zamanların ən güclü qadın şahmatçısı hesab olunur (reytinqi 2700-dən çoxdur), o, kişi turnirlərində də bir çox qələbəyə imza atıb. Yudit, Harri Kasparov və Anatoli Karpov da daxil olmaqla, bütün görkəmli şahmatçıları qabaqlayaraq dünyanın ilk onluğuna daxil olmağı bacarəb. 


Oksford Universitetinin alimləri statistik sübutlar təqdim ediblər ki, ən yaxşı 100 alman kişi şahmatçının nəticəsinin 100 ən yaxşı qadın alman şahmatçının nəticəsindən yüksək olması, 96% yarışda sırf kişilərin sayca üstünlük təşkil etməsi ilə əlaqədardır. "Əgər seçimdə bərabər sayda kişi və qadın iştirak etsəydi, o zaman onların oyununun nəticələrindəki fərq demək olar ki, sıfıra bərabər olardı" deyə alimlər bildiriblər.


Edinburq Universitetinin psixoloqları isə dil, riyaziyyat və informatika üzrə müxtəlif testlərdən istifadə edərək 2000 kişi və qadının intellektual səviyyəsini yoxlayıblar. Tərbiyənin və təhsilin təsirini istisna etmək üçün tədqiqatda yalnız qardaş və bacılar iştirak edib. Test nəticələrinə əsasən, maksimum və minimum balı məhz kişilər toplayıb, əks cinsin nümayəndələrinin nəticələri isə - orta göstəriciyə yaxın idi. 


Niyə şahmatda qadınlar kişilərdən azdır?


Psixofiziki fərqlər də qadınlara qarşı oynayır. Məsuliyyətli turnirlər, qısa müddət ərzində ard-arda 6 saatlıq bir neçə oyun dözümlülük və özünə nəzarət tələb edir ki, əks halda zəhlətökən səhvlər qaçılmazdır. Qadınlar, bir qayda olaraq, belə bir yükə tam hazır deyillər, çünki onlarda ailə, uşaqlar önə, şahmat isə arxa plana keçir.


Nəzərə alsaq ki, şahmat hərbi oyuna bənzəyir, burada kişilərin münasibəti bəllidir, çünki həyəcan və üstünlük uğrunda mübarizə onlar üçün bir instinktdir. 


Digər faktor cəmiyyətdəki psixoloji münasibətdir: hamı bilir ki, qadın şahmatçılar kişi şahmatçılardan zəifdirlər və bu, qızlara əvvəldən aşılanır. Qadınların şahmatına qarşı aşağılayıcı münasibət çox yayğındır!  Bu o deməkdir ki, qadın qrossmeyster qıtlığının səbəbi genetik və ya bioloji deyil, məhz mədəni və sosialdır! 


Yuxarıda sadaladığımız stereotiplərlə mübarizə aparılsa, idmançı keyfiyyətlərinə daha dərin diqqət yetirilsə və qızlara yalnız oğlanlarla yarışmağı öyrədilsə, qadın şahmatçıların uğur şansları daha da artacaq!