Təbiət

Məxmər qarışqa

Meksikanın şimal-şərqi və Şimali Amerikanın cənub-qərbində, quraq yarımsəhrada yerli bitkilərin meyvələrinə bənzər ağ və tüklü heyrətamiz həşərat - məxmər qarışqa “Dasymutilla gloriosa” yaşayır. Bu həşərata qarışqa deyilsə də əslində eşşəkarısıdır. Həşərat Kreozot kolu meyvəsinə bənzəyir, belə ki, dişi məxmər qarışqaların bədənləri təxminən 1 santimetrlik uzun ağ məxmər tüklərlə örtülüdür.


Yuta Dövlət Universitetinin bioloqu Cozef Uilson öz həmkarları ilə illərdir məxmər qarışqanı izləyib öyrənirlər. Onun sözlərinə görə, heyvanlar aləmində “ağ” rəngin arktik mühitdən kənarda uyğunlaşan rəngə çevrilməsi - nisbətən azdır. “Ağ rəng yırtıcıları xəbərdar etmək və ya qorxutmaq üçün  apozematik ola bilər, həmçinin termoregulyasiyada da rol oynaya bilər", bioloq bildirdi.


Uilson və onun komandası, məxmər qarışqaların təkamülü haqqında öz baxışlarını "Biology Letters" jurnalında məqalədə dərc ediblər: 


“Məxmər qarışqa Dasymutilla gloriosanın kamuflyajın ən bariz nümunələrindən biri olduğuna inanılırdı, çünki böcəkləri Kreozot kolunun düşmüş meyvələrindən ayırmaq mümkün deyil. Ancaq bir nüans var. Məxmər qarışqalar qitədə meyvələrinə bənzəyən bitkidən çox əvvəl peyda olublar. Məhz buna görə digər izahatlar tələb olunur”.


"Biology Letters" jurnalında dərc olunan araşdırmada elm adamları isti havaya uyğunlaşmaq üçün məxmər qarışqaların ağ rəngə ehtiyacı olduğu fikrini irəli sürdülər. Tədqiqatçılar arıların bədəni və meyvələrin səthindən əks olunan istilik dalğalarının spektrometrik analizini apardılar. Daha sonra termal kamera və digər alətlərdən istifadə edərək həşəratların və bitkilərin xarici və daxili temperaturlarını ölçdülər, nəticə olaraq, məxmər qarışqaların ağ rənginin onların bədən istiliyini tənzimləməsinə kömək etdiyini müəyyən etdilər. 


Əldə olunan nəticələr göstərdi ki, arıların ağ tükü əslində onlara isti səhrada sağ qalmağa kömək edir və bu fenotip kamuflyajdan çox termotənzimləmə vasitəsi kimi təkamül edib.