Bu maraqlıdır!

Yerin ölçüləri

Yer - Günəşə yaxın planetlərin ən böyüyüdür. Onun diametri 12 756 km-dən (ekvatorial) 12 714 km-ə (qütb) qədər dəyişir, belə ki, öz oxu ətrafında fırlanması nəticəsində planet qütblər yaxınlığında azacıq sıxılmışdır. Yer maddəsinin sıxlığı (5,5 q/sm3) Günəş sisteminin digər planetlərindən böyükdür. Eyni zamanda, Yer öz ölçüləri ilə Yupiter (diametri 144 min km, kütləsi Yerin kütləsindən 318 dəfə böyükdür) və Saturn (diametri 120 min km, kütləsi 95 dəfə Yerin kütləsindən böyükdür) kimi nəhəng planetlərdən geri qalır.


Yerdə həyatın mövcudluğu onun ölçülərindən və kütləsindən asılıdır. Bu kəmiyyətlər əsasında ikinci kosmik və ya mərkəzdənqaçma sürəti (Yerin cazibəsindən çıxmaq üçün, cisim bu sürətə malik olmalıdır) təyin edilir. Əgər planetin çəkisi azdırsa, onda qaz molekulları onu tərk edərək, kosmik fəzaya uçur. Beləliklə, planetin kütləsi və bundan asılı olan cazibə qüvvəsi, onun atmosferinin ölçülərinə təsir göstərir. Mars Yerdən 10 dəfə yüngül olduğundan, təzyiqi 10 millibara (Yerdən 100 dəfə kiçik) bərabər olan nazik atmosferə malikdir. Kiçik göy cisimlərində atmosfer, bir qayda olaraq, mövcud deyil. Merkuri (Yer kütləsinin 6%-i) və Yerin peyki Ay (Yer kütləsinin 1,2%-i) buna misal ola bilər. 


Nəhəng planetlər - Yupiter, Saturn, Uran, Neptun - əksinə, qalın qaz təbəqəsi ilə əhatələnmişdir. Belə atmosferin "dibi" olmur, çünki planetin nüvəsilə sərhəddə, maddə xüsusi "qaz-maye" halında olur. Bu planetlərin, zəhərli və soyuq atmosferində göründüyü kimi, həyatın mövcudluğu mümkün deyil.