Bu maraqlıdır!

Ağ səhrası ilə məşhur olan Misirin Farafra vahəsi

Qədim dövrlərdən bəri öz görünüşünü mümkün qədər qoruyub saxlaya bilən Misirin yaşayış məntəqələri arasında yeganə məkan - Əl-Qəsr kəndi ilə seçilən Farafra vahəsidir. 


Farafra vahəsi – Bahariyədən Daxlaya gedən yolda yerləşir və bu gün də Böyük səhrada ən ucqar və həyat olan ada olaraq qalır.


Farafra vahəsi min ildən artıqdır ki, mövcuddur. Bunun sayəsində o, dəfələrlə ən mühüm tarixi hadisələrin şahidi olmuşdur ki, bunun sübutu həm Əl-Qəsr kəndində, həm də onun ətrafında rast gəlinən tikililərdir. Məsələn, Roma dövründə burada bir qala ucaldılmış və bu günə qədər qismən qorunub saxlanılmışdır. Bu qala karvanları köçərilərin hücumlarından qorumuş, daha sonra, dini inanclarına görə Roma hakimiyyəti tərəfindən təqib edilən Misirli koptlar Farafrada gizlənmişdilər. 


Əl-Qəsrdə təxminən 6000 bədəvi yaşayır. Kərpiç evlər və onların arasından keçən dar küçələr qonaqlara ənənəvi Misir memarlığının ruhunu hiss etməyə imkan verir.


Farafra həmçinin bulaqları ilə də məşhurdur; burada yüzdən çox bulaq var, bəziləri kənd təsərrüfatının ehtiyacları üçün istifadə olunur. İlk hamamlar burada romalılar tərəfindən təchiz edilmişdir. Bundan əlavə, kəndin yaxınlığında Bir Sita və Bir Sabba adlanan isti bulaqlar, həmçinin çoxlu quşların məskunlaşdığı Əbu Noss gölü var.


Ağ səhra - yatmış okean


Ağ səhra, Böyük səhranın (Saharanın) şərqində yerləşən, təxminən 300 kv.m sahəni əhatə edən kiçik bir ərazidir. Bahariyə və Farafra vahələri arasındakı yolun üzərində yerləşir. Nil çayının qərbində geniş ərazini əhatə edir.


Ağ səhra karst mənşəli təbiət abidələri ilə zəngindir. Milyon illər öncə səhra dənizin dibi olmuşdur. Səhranın ağ olmasına səbəb dəniz mikroarqanizmlərin qalıqlarıdır. Ərazidə baş verək küləklər səhranın səthini sanki başqa planetə bənzədir.


Turistlər arasında Ağ Səhra məşhurdur və qeyri-adi qaya quruluşlarına görə də sevilir. Qeyri-adi qaya birləşmələri və həqiqətən ağ qumlar sarı səhra ilə qəribə bir şəkildə mənzərə meydana gətirir. Buradakı qayalar inanılmaz çalarlarla göz qamaşdırır - mavi, çəhrayı, narıncı, günəş batanda xüsusilə təsir edici görünür, gecələr isə qumlar qarı xatırladır. Əgər ərazi isti hava kütləsi ilə əhatə olunmasaydı, Arktikada olduğunuzu təsəvvür etmək tamamilə mümkün olardı.


Bədəvilər buranı bəzi qayaların formasına görə "Vadi Qəzar" və ya "Kök Vadisi" adlandırırlar.


2002-ci ildən Ağ səhra Misirin milli parkı elan edilmişdir.


Milli Parkın ən yüksək nöqtəsi dəniz səviyyəsindən 353 m. yüksəklikdə olan Əl Qəss Əbu Saiddə, ən aşağı nöqtəsi isə 32 m. olan Vadi Hennisdədir. Parkda müxtəlif heyvanlar, o cümlədən, nəsli kəsilməkdə olan Rhim ceyranı və həssas Dork ceyranı, həmçinin Barbar qoyunları qorunur.


Səhra ən çox “Sehrli göbələklər”i ilə məşhurdur. Səhrada çoxlu miqdarda təbaşirin olması və güclü küləyin əsməsi, burada nəhəng bloklardan qəribə şəkilləri olan çoxsaylı heykəllərin yaranmasına səbəb olmuşdur. Burada göbələklərə əlavə olaraq, heyvanları, bitki dünyasını və hətta dalğaları xatırladan daş parçaları var.