Təbiət

Rəng çalarları ilə gözoxşayan Alacəhrə quldiya

Alacəhrə quldiya (Chloebia gouldiae və ya Lady Gould's Finch) dünyanın ən rəngli quşlarından biridir. Vətəni Avstraliyadır.

 

Avstraliyanın ən gözəl quşlarından biri hesab olunan quş müxtəlif adlara sahibdir: Göy qurşağlı alacəhrə, Alacəhrə quldiya və ya Quldiya xanımın alacəhrəsi və ya bəzən sadəcə Quldiya kimi tanınır. Passeridae alt ailəsi hesab edilən Estrildidae quş ailəsinin üzvüdür. Növ ilk dəfə 1844-cü ildə İngilis ornitoloqu Con Quld tərəfindən mərhum həyat yoldaşı Elizabetin şərəfinə “Amadina gouldiae” adı ilə təsvir edilib.

 

Alacəhrə quldiyanın təbii yaşayış arealı: Avstraliya qitəsinin şimal ərazisinin tropik meşələri və savannalarıdır.

 

Zərif quş olmasına baxmayaraq Alacəhrə quldiya ən ekstremal şəraitə asanlıqla dözə bilir. Yaşayış yerlərinin orta illik temperaturu 35-45 ° C, havanın rütubəti 70 ilə 90% arasındadır. Çoxalma mövsümündə (quru mövsümün başlanğıcı) quş Avstraliyanın ən isti hissəsi olan Kimberley bölgəsinin savannalarında qalır, burada ilin ən isti ayında, noyabrda orta temperatur demək olar ki, həmişə 37 ° C-dən çox olur. Onların daxili və sahil xəttinə doğru miqrasiyaları - yağışlı mövsümlərdən asılıdır və əlverişli şəraitdə sürətlə çoxalmağa başlayan bitki qidaları və kiçik həşəratların bolluğu ilə əlaqəlidir. Quraqlıq başlayanda çoxsaylı alacəhrə böyük qrup (sürü) ilə zəngin qida bazası olan yerlərə hərəkət edər. Onların koloniyaları onlarla fərddən ibarətdir.

 

Alacəhrə quldiyanın qida rasionunu altı müxtəlif növ otların toxumları təşkil edir.

 

Hər iki cins eyni rəngdədir, lakin dişiləri daha az parlaq rəngə malikdir. Cinslər arasındakı əsas fərqlərdən biri – erkək fərdin sinəsinin bənövşəyi, dişinin isə daha açıq yasəmən rəngdə olmasıdır.

 

Başı üç rəngdə fərqlənən Alacəhrə quldiya təbiətdə mövcuddur: qırmızı başlı, qara başlı və narıncı başlı. Bu üç formadan narıncı başlı ən nadir növ hesab olunur.

 

Alacəhrə quldiya təpələr arasında sıx meşəliklərdə yaşayır, gecələr ağacların üzərində, çox vaxt suyun yaxınlığında sürülərdə toplanırlar. Praktik olaraq əhliləşdirilmişdir, lakin saxlanma şəraiti çox diqqət tələb edir: quşlar piylənməyə meylli olduqları və kəskin qoxulara dözmədikləri üçün, sərbəst uça bilmələri üçün böyük qəfəslərə ehtiyac duyurlar.

 

Təbiətdə Alacəhrə quldiya ağac boşluqlarında və ya sıx kolluqlar və hündür otların üzərində böyük yuva qururlar. Dişi 4-8 yumurta qoyur. İnkubasiya zamanı erkək dişini əvəz edir.

 

Alacəhrə quldiya təsviri  - kristal monitorlar, proyektorlar, plazma displeylər, HDTV texnologiyası və mobil cihazlarda ixtisaslaşan kompüter istehsalçısı və təchizatçısı “ViewSonic” Korporasiyasının loqosu kimi istifadə olunur.