Nağıllar, hekayələr

Anna Son. Diş fırçası və Sabun xala

Bir zamanlar, uşaqların dişləri üçün xüsusi olaraq hazırlanmış sevimli və kiçik Diş fırçası var idi. Onun rahat kiçik sapı və çox qürur duyduğu nazik və yumşaq tükləri var idi.

 

Fırça, mağazanın rəfinə qoyulduğu andan, tez bir zamanda özünü göstərmək istədiyi ilə alışıb yandı. Axı o, nəinki dişləri yaxşı fırçalayır, həmçinin dişlərin aralarındakı boşluqları səylə təmizləyir, həm də dildə olan bütün bakteriyaları çıxara bilir!

 

Fırça, həm də düşünməyi çox sevirdi. O, süd dişləri çıxmış gözəl və sarışın qızcığazlara və ya dişləri hələ də çıxmaqda olan qaraşın oğlan uşaqlarına xidmət edəcəyi haqda uzun-uzadı düşündü.

 

Beləliklə, bir neçə gün keçdi və Fırçamız gözləməkdən ruh düşkünlüyü yaşadı, çünki onun qonşuları-yetkin fırçalar artıq sahiblərini tapmışdılar! Fırça qaşlarını çatıb təzəcə ağlamaq istəyirdi ki, kiminsə əlləri onu tutub maye sabun və yuyucu tozu olan alış-veriş səbətinə qoydu.

 

- Nəhayət! - Fırça sevincdən qışqırdı.

 

- Nəyə bu qədər sevinirsən? – deyə Sabun xala kinayə ilə soruşdu.

 

- Necə xoşbəxt olmaya bilərəm? Axı, tezliklə dünyada təmiz dişləri olan daha bir uşaq olacaq! Onun dişləri üçün əlimdən gələni edəcəm!

 

- Bu axmaqlıqdır ki! Hansı uşaq dişlərini fırçalamağı sevir? Bax, mənim üz qabığımda tikinti kranının rəsmi var, görürsən? - Fırça razılaşaraq başını tərpətdi, - Mən sənə əminliklə deyə bilərəm ki, biz oğlan uşağı üçün nəzərdə tutulmuşuq, oğlanlar isə ümumiyyətlə təmizliyi sevmirlər, gigiyenaya riayət etmirlər! Sən və mən hansısa vanna otağında, hansısa rəfdə ilişib qalacağıq və orda yararsız və unudulmuş vəziyyətdə duracağıq. Bax belə!

 

- Bu necə ola bilər? Axı, dişlər fırçalanmasa, onlar pisləşə və xəstələnə bilər! Ancaq həzm dişlərdən asılıdır və bütün uşaqların sağlamlığı- həzmdən asılıdır! Bəs sabunu və diş fırçasını necə unudub istifadə etməmək olar? Uşaqlar həqiqətənmi bu qədər çirklidirlər? - Fırça kədərlə soruşdu.

 

- Oh, hələ çox cavansan, yaşayıb - öyrənəcəksən! İstəsən hətta Yuyucu tozundan da soruşa bilərsən! – deyə Sabun xala əsəbi halda əlavə etdi.

 

-Yaxşı...- Yuyucu tozu dayı, həmişəki kimi, istəksiz fikrini bildirdi, - Belə... heç olmasa, uşaqlar şəxsi əşyalarını çox tez çirkləndirirlər... deyəsən..."

 

- Budur, eşidirsən!? - Sabun xala məmnunluqla qeyd etdi.

 

Fırça tamamilə bikeflədi və kədərli-kədərli əlavə etdi: "Deməli, xala düz deyir, mən uşaqların dişlərini görə bilməyəcəm!"

 

- Hey! Hamıya salam! – o biriləri ilə səbətə təzəcə qoyulan Diş məcunu səsləndi, – Deyin görüm kimin kədəri buranı bürüyüb?

 

- Bilirsən, Sabun xala deyir ki, işsiz vəziyyətdə tozlanaraq bir fincanın içində qalacağam! Oğlan mənimlə dişlərini fırçalamaq istəməyəcək!” - Fırça öz qorxularını Diş məcunu ilə bölüşdü.

 

- Bunların hamısı cəfəngiyyatdır! – Diş məcunu cavab olaraq əlavə etdi, - Heç narahat olma! Mənim o qədər sərin giləmeyvə dadım var ki, hər hansı bir uşaq dişlərini fırçalamaqdan məmnun olacaqdır! Bunu gündə iki dəfə etməlidir! Səhər və axşam!

 

Sabun xala meydan oxuyaraq üzünü çevirdi və sanki onların söhbətini eşitməmiş kimi davrandı.

 

Bu vaxt bazarlıq evə gətirildi və şən dörd yaşlı uşaq bağlamaya baxıb sevinclə anasından soruşdu: - Ooo! Ana bu gün dişlərimi yeni fırça və diş məcunu ilə fırçalayacam?

 

- Bəli, oğlum! - Ana gülümsəyərək cavab verdi və fırça ilə diş məcununu götürüb ehtiyatla fincanın içinə qoydu. Sabun əlüzyuyanın yanına, Yuyucu tozu isə paltaryuyan maşınının yanına qoyuldu.

 

Yatmazdan əvvəl oğlan vanna otağına qaçdı və fırçaya diş məcunu sürtərək dişlərini fırçalamağa başladı. Fırça çox çalışdı ki, tüklərini elə tənzimləsin ki, kiçik dişləri mümkün qədər təmizləsin və diş məcunu onları səylə əhatə edib dişlərin minasını faydalı maddələrlə doyurdu.

 

- Necədir? Sabun xala! Bizim oğlan təmizliyi və gigiyena sevmir? - Fırça oğlan onu yenidən fincana qoyan kimi gülərək sabun xaladan soruşdu.

 

Sabun xala bu sualı cavabsız qoydu və qəzəbinin əlaməti olaraq artıq sabun köpüyü üfürmək qərarına gəldi, amma sonra oğlan onun üzərindən bir neçə dəfə sıxdı və bir az sabun sıxaraq əllərini yumağa başladı. Sabun xala qeyri-ixtiyari gülümsədi və körpəni sevindirmək üçün var gücü ilə çiçək qoxusu yaymağa başladı.

 

Əllərini iyləyən oğlan məmnunluqla gülümsədi, əllərini dəsmalla sildi və hamamdan çıxdı. Fırça və Diş məcunu bir-birinə baxaraq gülümsədilər və sanki: "Nə təmiz oğlandır, hə?!" dedilər.

 

Yuyucu tozu səssiz idi, çünki o, ümumiyyətlə, az fikir bildirirdi və bəlkə də fikri ümumiyyətlə yoxdur, amma Sabun xala yenə də qaşqabağını tökdü və böyük sabun köpüyü üfürdü, çünki səhv etdiyini başa düşdü, amma səhv etdiyini etiraf edib üzr istəmək - sabun gücündən üstün idi.