Nağıllar, hekayələr

Şəhla Fərhadqızı. Herbari üçün albom

Ülkər hər il yay tətilini kənddə - babasıgildə keçirirdi. Babası suçu idi. Ülkər onunla əkin sahələrinə gedir, müxtəlif güllər, yarpaqlar, bitkilər toplayır, qurudurdu. Ona bu işdə əmisi qızı Türkan da kömək edirdi.

 

Bir gün Ülkər çox məyus oldu. Çünki o, herbari düzəltmək üçün aldığı yeni albomu şəhərdəki evdə unutmuşdu.

 

Bitkilər, yapışqan, iynə-sap - bir sözlə, hər şey hazır idi. Herbarini düzəltmək üçün bircə albom çatışmırdı. Ülkər mağazadan albom almaq qərarına gəldi. Bu zaman Türkan ona dedi:

 

- Bilirsən, nə edək? Gəl köhnə rəsm albomlarından yenisini düzəldək. Həm pula qənaət edərik, həm də vərəqlər israf olmaz.

 

Qızlar kitab rəfindəki köhnə rəsm albomlarını stolun üstünə tökdülər. Ağ vərəqləri qoparıb səliqə ilə üst-üstə yığdılar. Türkan kağıztikənin köməyi ilə vərəqləri bir-birinə bərkitdi.

 

Qızlar çox gözəl herbari düzəltdilər. İndi Ülkərin bir istəyi qalmışdı: əl işini dostlarına göstərmək.