Savanna
Afrika günəşi altında qonur rəng almış düzənlik uzaqlarda görünən göy rəngli dağların ətəklərinə doğru uzanır.
Qaba otların bıçaq kimi iti yarpaqları qırmızımtıl tozla örtülmüşdür. Bəzən orada – burada kərpici – qırmızı və ya qonur rəngli çat – çat olmuş torpaq görünür. Burada tikanlı kollar bitir. Bütün düzənlik boyu kiçik seyrək meşəliklər və tək – tək ağaclar səpələnmişdir. Bu ağaclar əyri budaqlı və şəffaf lələkyarpaqlı akasiyalar və qollu – budaqlı, yoğun gövdəli baobablardır. Yalnız çoxlu çaylar axan yerlərdə yaşıllıqlar var.
İlin quraq dövründə savanna belə olur. Buna baxmayaraq savannada həyat qaynayır. Dünyanın heç bir yerində Afrika savannasında olduğu qədər iri heyvan sürüləri yoxdur. Antilop və camış sürüləri toz – duman qaldıraraq tappıltı ilə qaçışırlar. Zolaqlı zebrlər uzundraz dəvəquşlarla yanaşı otlayır. Zürafələr boyunlarını uzadaraq ağacların yarpaqlarını qopardırlar. Fillər yavaş – yavaş gəzişirlər. Axşamlar savannada nərilti səsləri ətrafa yayılır: şirlər ova çıxmışlar. Burada başqa çoxlu yırtıcı heyvanlar – kaftarlar, bəbirlər, gepardlar da var.
Afrikalılar savannada uzunbuynuzlu donqar öküz sürüləri otarırlar. Girdə daxmalar, bostanlar, qarğıdalı və darı zəmiləri su yaxınlığında yerləşir. Quraq mövsümün sonunda adamlar otu yandırırlar. Savannanı od və tüstü bürüyür. Qorxudan çaşmış heyvanlar asanlıqla ovçuların qənimətinə çevrilirlər. Lakin ilk yağışlar düşən kimi torpaqda salamat qalmış köklər göyərir və savanna yenə də yaşıl xalıya bənzəyir.
Savannaya oxşayan çöllər Avstraliyada, Cənubi Asiyanın bəzi yerlərində də var. Lakin onların heyvanat aləmi çox zəngin deyil, əraziləri isə xeyli kiçikdir.
19.10.2022