Bu maraqlıdır!

Səhər gimnastikası

Hər səhər eyni vaxtda radioda idman təlimçisinin gümrah səsi eşidilir:

 

-Sabahınız xeyir, uşaqlar! Gimnastika dərsinə başlayırıq...

 

Hər yerdə minlərlə uşaq bu sözləri eşidən kimi yerə xalça döşəyir, pəncərəni yaxud nəfəsliyi açır və səhər  gimnastikasına başlayır.

 

Bəlkə yarım saat da yatmaq pis olmazdı? Axı hələ qarşıda nə qədər iş var?!

 

Səhər – səhər özünə artıq iş tapmaq , əyilib – durmaq, əllərini yana açmaq, oturub -  qalxmaq çoxmu vacibdir?

 

Bəli, vacibdir!

 

Səhər – səhər on dəqiqə idmanla məşğul olmaq adamı bütün günü gümrah saxlayır. Axı insan yatan zaman bədəni dincəlir, əzələlər boşalır, ürək və ağ ciyərlər yarı gücü ilə işləyir. Necə edək ki, orqanizm tez oyansın?

 

Bax, elə buna görə də səhər idmanı ilə məşğul olurlar. Bu qısamüddətli idman damarlarda qanın daha sürətlə axmasına, oynaqların açılmasına, əzələlərin möhkəmlənməsinə, ağ ciyərlərin daha qüvvətlə tənəffüs etməsinə kömək edir. Səhər gimnastikası adamda xoş əhval – ruhiyyə, işləmək, hərəkət etmək həvəsi oyadır.

 

Səhər gimnastikasının müddəti belə olmalıdır: I –III sinif şagirdləri üçün 8 -  10 dəqiqə, IV – VIII sinif şagirdləri üçün 13- 15 dəqiqə , IX – XI sinif , texniki – peşə məktəbi, texnikum və kollec şagirdləri üçün isə 20 – 25 dəqiqə. Səhər gimnastikası ilə təmiz havada, həm də bütün günü müəyyən edilmiş ardıcıllıqla məşğul olmaq lazımdır. Yəni əvvəlcə dartınma, sonra əl, çiyin, bədən, ayaq hərəkətləri, axırda qaçış və tullanma hərəkətləri etmək lazımdır. Səhər gimnastikası qan dövranı və tənəffüs orqanlarının fəaliyyətini sakitləşdirən hərəkətlərlə başa çatmalıdır.