Bu maraqlıdır!

Harri Potter filmindəki sehrli şlyapanın şərəfinə adlandırılan hörümçək

Alimlər, Hindistanın cənub-qərbində yeni növ hörümçək aşkar edib və onu, ingilis yazıçısı Coan Ketlin Roulinqin “Harri Potter” romanlar seriyasının sehrbazı Qodrik Qriffindorun şərəfinə “Eriovixia gryffindori” adlandırıblar. Hörümçək, Harri Potter filmlər seriyasında rast gəlinən danışan şlyapaya bənzədiyinə görə bu gülməli adı alıb.


Növ ilk dəfə 2016-cı ildə təsvir edilib. Bu hörümçək Hindistanın Karnataka əyalətinin ərazisində, əsasən həmişəyaşıl və yarı həmişəyaşıl bitkilərdən ibarət olan Hindistanın qərbində yerləşən Qərbi Qat dağ silsiləsinin müqəddəs meşələrində yaşayır.


Kiçik ölçülü Eriovixia gryffindori hörümçəyi (1 sm-dən az) qəhvəyi və boz rəngdədir; quru yarpağa bənzəyir, bu özəlliyinə görə hörümçək yarpaqların fonunda çətin nəzərə çarpır. Əsasən gecələr fəaldır, gündüzlər yarpaqların arasında gizlənir. Kiçik ölçüsü, quruluşu və rənginə görə E.qriffindorini quru yarpaqların arasında görmək asan deyil.


Eriovixia gryffindori Coan Ketlin Roulinqin personajlarının adını daşıyan ilk takson hörümçək deyil. Daha öncə buğumayaqlıların üç növü Harri Potter filmlər seriyasının nəhəng hörümçəyi - Araqoqun şərəfinə adlandırılıb.


Eriovixia gryffindori hörümçəyi 2017-ci ilin “ən maraq doğuran canlısı” siyahısına daxil edilib. Hörümçək haqqında ilk elmi məqalə Hind Araxnalogiya jurnalında dərc olunub. Hörümçəyin etimologiyası ilə bağlı fəsildə araxnoloqlar, yeni hörümçək növünə Qriffindor şlyapasının adını vermək qərarına gəldiklərini qeyd ediblər. Buna cavab olaraq yazıçı Coan Roulinq öz Tvitter hesabında “alimləri daha bir fantastik canlının kəşfi münasibətilə” təbrik edib.


Eriovixia cinsi əsasən Cənub-Şərqi Asiyanın tropik meşələrində və daha az dərəcədə Afrikanın tropiklərində yayılıb; 22 növdən ibarətdir. Bu cinsin bir çox növü qeyri-adi görünüşü ilə də tanınır: Məsələn, hörümçək Eriovixia pseudocentrodes, E.gryffindori-yə bənzəyir, yəni şlyapa kimi qarına sahibdir.