Bu maraqlıdır!

İlk tibbi yardım. Bunları hamı bacarmalıdır!

 Hər hansı bir zədələnmə zamanı həkim gələnə qədər göstəriləcək ilk tibbi yardımın böyük əhəmiyyəti vardır. Əzilmə, burxulma, çıxıq və sınıqlar, yanıqlar, qanaxmalar, huşun itməsi, müxtəlif zəhərlənmələr və s. hallar zamanı özünü itirmək zərərçəkənin vəziyyətinin bir qədər də ağırlaşmasına səbəb ola bilər. Bəs belə hallar zamanı nə etməli?

 

 

Burxulma və çıxıqlar insanın oynaqlarında baş verən zədələnmələrdir. Bu zaman zədələnmiş yerə buz, yaxud soyuq suda isladılmış dəsmal qoyulur. Burxulmuş nahiyə möhkəm sarğı ilə sarınır. Çıxığı yerinə salmağa çalışmayın, onu tərpənməz vəziyyətə gətirin. Əks halda ətraf toxumalar da zədələnə bilər.

 

 

Sınıqlar. Sümük sınıqları iki cür olur: açıq və qapalı. Adətən, açıq sınıq zamanı sınmış sümüklər şiş uclu və iti olur. Onlar əzələ, qan damarları, sinirləri və dərini kəsir. Belə olduqda yaranı təmizləmək, qanaxmanı dayandırmaq, üzərinə təmiz sarğı və şina* qoyub tərpənməz hala gətirmək lazımdır. Qapalı sınıqlar zamanı da şinalar qoyulur. Şinalar qoyularkən elə etmək lazımdır ki, ən azı iki oynaq əhatə olunsun.

 

Ancaq bəzən elə sınıqlar olur ki, ona şina qoymaq olmaz. Qabırğalar, onurğa sütunu, kəllə sümükləri sındıqda şina qoyulmur.

 

Qanaxmalar. Qan damarlarının zədələnməsi qanaxmalara səbəb ola bilər. Qanaxma zəifdirsə, yaranın ətrafına yod çəkib bağlamaq, bəzən isə basıcı sarğı qoymaq kifayətdir. Ən təhlükəli qanaxma arterial qanaxmadır. Bu zaman zərərçəkən bir neçə dəqiqə ərzində çox miqdarda qan itirə bilər. İlk tibbi yardım zamanı dərhal zədələnmiş yer zədədən yuxarı hissədən turna, burulmuş parça, bel kəməri, rezin və s. ilə möhkəm sıxılmalı, xəstə təcili xəstəxanaya çatdınlmalıdır. Tumanın bağlandığı vaxt qeyd edilməlidir. Çünki turna çox qalarsa, ətrafa qan işləməz və toxumalar məhv olar.

 

 

Yaralanmalar. Deşici alətlərdən ehtiyatsız istifadə, yol qəzaları, terror və s. zamanı döş qəfəsinin, qarının dəlici yaralanmaları baş verə bilər. Döş qəfəsinin yaralanması zamanı yarada yad cisim olmadıqda dərhal yaranı ovucla bağlayıb ora havanın keçməsinin qarşısını almaq lazımdır. Yarada yad cisim varsa, onu qətiyyən çıxarmaq olmaz! Dəlib keçən yaralanmalar zamanı yaranın həm giriş, həm də çıxış yerləri bağlanmalıdır. Zərərçəkmiş yanoturaq vəziyyətə gətirilməli, yaranın üzəri təmiz, hava keçirməyən (polietilen torba, alüminium folqa və s.) materialla örtülməlidir. Vaxt itirmədən təcili yardım çağırmalı, əgər zərərçəkmiş huşsuz vəziyyətdədirsə, tənəffüsü və nəbzi tez- tez yoxlanılmalıdır.

 

Yaralanmalar zamanı qadağandır:

 

• yaranı su ilə yumaq;
• yaraya spirtli dərman preparatları (yod, spirt) tökmək; dərman çəkmək, pambıqla örtmək;
• yaradan sümük qırıntılarını, qan laxtasını xaric etmək;
• yaradan kənara çıxmış orqanları yerinə salmaq;
• yaradan kənara çıxan orqanların üzərinə sıxıcı sarğı və soyuq kompres qoymaq;
• yaraya batmış yad cismi xaric etmək;
• döş qəfəsi, qarın yaralanmaları zamanı zərərçəkmişə maye içirtmək.

 

Boğulma, suda batma, elektrik və ildırım vurması zamanı insanlara süni tənəffüs verilə bilər. Bu zaman zərərçəkən üfüqi vəziyyətdə uzadılır, ağzı təmizlənir, başı arxaya əyilir və ağzı açılır. Sonra dərindən nəfəs alıb onun ağzına hava üfürülür. Bu, dəqiqədə 16-18 dəfə təkrar olunur.

 

Əgər ürək dayanıbsa, o, dolayı yolla masaj edilir. Yəni hər nəfəsvermədən sonra ürəyi 3-4 sm dərinlikdə 4-5 dəfə sıxmaq lazımdır. Bunu iki nəfərin növbə ilə yerinə yetirməsi daha yaxşı nəticə verər.

 

 

Yanıqlar müxtəlif səbəblərdən: - oddan, buxardan, kimyəvi maddələrdən, qızmış metallardan və s. baş verə bilər. Yanıqların I, II, III və IV dərəcəli olur. Ən qorxulu yanıq IV dərəcəlidir.

 

Yanıqlar zamanı güclü ağrılar olur, zəhərli maddələr yaranıb qana sorulur və zəhərlənmə baş verir. Zərərçəkənə ilk yardım zamanı onun yanan paltarını söndürmək, çoxlu maye içirmək lazımdır.


Yanıq zamanı əmələ gələn suluqları deşmək, yaraya yağ və s. maddələr sürtmək olmaz. Zədələnmiş sahənin üzərinə xüsusi yanıq əleyhinə sarğı qoyulur. Kimyəvi maddələr nəticəsində yaranmış yanıqlar zamanı yanan yer mütləq 15 dəqiqə axar su ilə yuyulmalıdır.

 

Yanıb dəriyə yapışmış paltarı zorla dartıb çıxarmaq olmaz. Onu çox ehtiyatla kəsib çıxarmaq lazımdır.

 

Dəm qazından zəhərlənmə. Son dövrlərdə dəm qazından zəhərlənməyə tez-tez rast gəlinir. Zəhərlənmə zamanı aşağıdakı hallar müşahidə olunur:


başgicəllənmə;
quru öskürək;
başağrısı;
ürəkbulanma;
qusma;
qıcolma;
huşun itməsi.


Zəhərlənmə zamanı ilk yardım:

 

– zərərçəkəni açıq havaya çıxarmalı;

– paltarının yaxasını açmalı;

– zərərçəkəni yarıoturaq vəziyyətə gətirib, alnına, sinəsinə soyuq kompres qoymalı;

zərərçəkən nəfəs almırsa, süni tənəffüs verilməli və ürəyi dolayı yolla masaj edilməlidir.

 

Ürəkgetmə (bayılma) – huşun müvəqqəti itməsidir. Bayılmaya səbəb istivurma, günvurma, güclü ağrı, qorxu, yorğunluq, kəllə-beyin zədələnmələri və s. ola bilər. Belə olan halda:

 

– zərərçəkəni arxası üstə uzatmalı və ayaqlarını bir qədər hündürə qaldırmalı;

– paltarının yaxasını açmalı;

– təmiz havanın daxil olması üçün pəncərələri açmalı;

– zərəçəkənin üzünə soyuq su çiləməli və ya naşatır spirti iylətməli.

 

Dəm qazından zəhərlənmə, yanğın və müxtəlif qəzalar zamanı zərərçəkənlər dərhal hadisə yerindən uzaqlaşdırılmalı, ilk tibbi yardım göstərildikdən sonra təcili olaraq həkimə çatdırılmalıdır. Siz gələcəkdə ilk tibbi yardımın başqa növləri haqqında da məlumatlar əldə edəcəksiniz.